07.11.2019

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.