22.11.2019

Talassemiya ilə mübarizəyə dair tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində talassemiya ilə mübarizəyə dair tədbirlər keçirilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün  Dövlət Proqramı” üzrə Tədbirlər Planının icrası çərçivəsində keçirilən tədbirlərdə məktəb həkimləri, rayon poliklinikalarının əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Bu sahədə maarifləndirmə işinin, sosial səfərbərliyin təmin edilməsi və talassemiyanın profilaktikasının gücləndirilməsi məqsədilə “Talassemiya ilə mübarizə”, “Əhali arasında  talassemiyanın profilaktikası işinin həyata keçirilməsi”, “Talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə tibbi-genetik müayinələrin aparılması”, “Talassemiya daşıyıcısı nə deməkdir?”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Talassemiyasız gələcək  naminə” və digər mövzularda sinif  təşkilat saatları, seminar, mühazirə və  “Dəyirmi masa”lar  təşkil olunub.

 Müvafiq mövzuya həsr olunmuş “Açıq dərs”lərdə xəstəliyin profilaktikası üçün cəmiyyətin maarifləndirilməsinin vacibliyi qeyd olunub. 

Tədbirlərdə məktəblilərə xəstəliyin yaranma səbəbləri izah edilib, bu xəstəliyin profilaktikası və müalicəsi haqqında ətraflı məlumat verilib. Şagirdlər arasında talassemiya xəstəliyi haqqında sorğu keçirilib, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.