02.12.2019

QİÇS-lə Mübarizə Günü qeyd olunub

Paytaxt məktəblərində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirlər keçirilib.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir, konfrans, “Dəyirmi masa” və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, stend və guşələr hazırlanıb.

Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Tədbirlərdə məktəblilərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.

Həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb. 

Tədbirlərdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müvafiq tövsiyələr verilib.