04.12.2019

Müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb

Ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.

Məktəblərin II-IV sinif şagirdlərinin iştirakı ilə təşkil olunan müsabiqənin məktəbdaxili mərhələsində komandalar onlara təqdim olunmuş  mövzulardan birini seçməklə tədqiqat işi aparıblar. Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən bir qalib komanda rayon mərhələsində (II mərhələdə) iştirak etmək hüququ qazanıb.

II mərhələnin nəticələrinə əsasən seçilmiş komandaların tədqiqat işləri müsabiqənin şəhər mərhələsində dinləniləcək. Şəhər mərhələsinin yekunlarına uyğun olaraq 6 komanda qalib elan olunacaq.

 Qalib komandalar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin bütün iştirakçı komandalara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.