16.01.2020

Məktəbli idmançılar qızıl medal qazandılar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı parlaq uğurları davam edir.

Belə ki, paytaxtdakı 211 nömrəli tam orta məktəbin VII sinif şagirdi Davud Muradov Qazaxıstanda karatenin şotokan növü üzrə keçirilən  Avropa çempionatında 50-55 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pillləsində yer alıb. Davud Muradov bu qələbəsinə görə qızıl medal və kubokla mükafatlandırılıb.

Bundan başqa, 328 nömrəli tam orta məktəbin X sinif şagirdi Sevinc Salayeva karate idman növü üzrə Azərbaycanda təşkil olunmuş beynəlxalq çempionatda yüksək nəticə qazanaraq I yeri tutub. Məktəbli qızıl medal və sertifikatla təltif olunub.

213 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zaur Məmmədov karate üzrə Azərbaycanda keçirilən açıq Avropa çempionatında 70 kiloqram çəki dərəcəsində I yerə layiq görülüb. Zaur Məmmədov qızıl medal və diplomla mükafatlandırılıb.