17.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi

Yanvarın 17-də Bakı Musiqi Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Təhsil naziri Ceyhun Bayramov 30 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini milli tariximizin şanlı qəhrəmanlıq səhifəsi, mili birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib.

Nazir ümummilli lider Heydər Əliyevin həmin günlərdə göstərdiyi  xidmətlərdən danışıb. Ceyhun Bayramov Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayıb. 

Hər il 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu vurğulayan Təhsil naziri bu gün ümumtəhsil məktəblərində 20 Yanvar mövzusuna həsr olunmuş xüsusi dərslər keçirildiyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, görülən işlər hər bir gəncin tarixini bilməsi, milli ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət edir. 

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev  20 Yanvar hadisələrinin mənəvi, siyasi aspektlərindən söz açıb. Anar Rzayev xalqımızın sağalmaz yarası olan 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinə doğru yol açdığını vurğulayıb.

Anım tədbirində Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Gənclər Kamera Orkestrinin ifasında kompozisiyalar, Fikrət Əmirov, Arif Məlikov və digər bəstəkarların əsərləri səsləndirilib.