11.02.2020

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsi keçiriləcək.

Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə təşkil olunacaq.

Fevralın 14-də ümumi təhsil müəssisələrində təşkil olunacaq məktəbdaxili yarışda qalib gələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsində (21 fevral tarixində) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Martın 4-də keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq. Ən çox bal toplayan ilk  3  komanda qalib sayılacaq.

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinə qatılacaq hər komanda 3 nəfərdən (1 nəfər IX  sinif, 1 nəfər X sinif, 1 nəfər XI sinif) ibarət olacaq. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, I və II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil müəssisələrinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, 1 təcrübə işini də yerinə yetirməlidirlər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1balla, məsələ və təcrübə işi  5 balla  qiymətləndiriləcək. Qaliblər Təşkilat Komitəsi tərəfindən ümumi təhsil müəssisələrinin fizika fənni üzrə müəllimləri arasından seçilmiş Ekspert Qrupu tərəfindən müəyyənləşdiriləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, bu sahədə dərin biliyə malik şagirdlərin aşkar edilməsindən ibarətdir.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr  təqdim ediləcək.


 

“Gənc  fiziklərin  yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri


Açar sözlər: