08.04.2020

Rəşad Tağıyev: “Ölkəmizdə yardımlaşma baxımından möhkəm birlik nümayiş olunur”

Koronavirus infeksiyasının bütün dünyada yayılmasından sonra Azərbaycanda da virusa qarşı görülən tədbirlər güclənməkdədir.

 

Tətbiq olunan karantin rejimində bütün dövlət orqanları fəaliyyətini bu qaydalara uyğun qurmağa çalışırlar. Mövcud vəziyyəti nəzərə alan Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) də işini bu çərçivədə davam etdirir.

İdarənin  müdiri Rəşad Tağıyev deyir ki, bütün dünyada müşahidə edilən koronavirus (COVİD-19) pandemiyası təəssüflər olsun ki, Azərbaycanda da müşahidə edilir. Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən qabaqlayıcı tədbirlər digər ölkələr və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir olunur.

Bu baxımdan ölkə ictimaiyyətinin həm maarifləndirilməsi, həm də bütün qüvvələrin səfərbərliyə alınması yönündə görülən işlər bir daha respublikamızdakı həmrəyliyin əhəmiyyətini göstərmiş oldu. #BizBirlikdəGüclüyük devizi hər addımda özünü doğruldur, xalqımız həm mənəvi, həm də maddi yardımlaşma baxımından birlik nümayiş etdirir.

 

İNFEKSİYANIN YAYILMASINA RƏVAC VERƏN BÜTÜN AMİLLƏR ARADAN QALDIRILIR

 

R.Tağıyevin sözlərinə görə, ölkəmizdə koronavirus pandemiyasına qarşı vaxtında həyata keçirilən preventiv tədbirlər, Prezident İlham Əliyevin göstərişi ilə görülən kompleks işlər bütün mümkün hallarda infeksiyanın yayılmasının qarşısını almağa imkan versə də, həyatımızın bir sıra istiqamətlərində, o cümlədən təhsil sahəsində də koronavirus infeksiyası səbəbindən fasilə yarandığını müşahidə edirik. Təbii ki, hər birimiz belə arzuolunmaz vəziyyətin tezliklə başa çatmasını istəyir və bunun üçün çalışırıq. Təhsil Nazirliyi tərəfindən ənənəvi tədrisin müxtəlif vasitələrlə əvəz olunması, məktəblilərin təhsildən kənarda qalmaması üçün görülən işlər çərçivəsində biz də üzərimizə düşən vəzifələri yerinə yetiririk.

Azərbaycanda sosial izolyasiya tədbirlərinin vaxtında görülməsi və karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl olunması üçün dövlətin atdığı addımlar xalqımızı daha ayıq-sayıq olmağa sövq edir. Bu tədbirlərin nəticəsidir ki, infeksiyanın yayılmasına rəvac verən bütün amillər aradan qaldırılır, maarifləndirmə işləri fasiləsiz davam etdirilir.

Hələ fevral ayından məktəblərdə kütləvi tədbirlərin maksimum məhdudlaşdırılması, mart ayının əvvəllərindən tədris prosesinin dayandırılması, təhsil müəssisələrində aparılan dezinfeksiya tədbirləri sayəsində şükürlər olsun ki, ümumi təhsil müəssisələrində yoluxma halları müşahidə edilmədi. Həmçinin məktəblərdə fərdi gigiyena qaydaları və respirator xəstəliklərə qarşı hər zaman aparılan qabaqlayıcı maarifləndirici tədbirlərin də şagirdlərin məsələyə daha həssas və diqqətli yanaşmasında mühüm rol oynadığını deyə bilərik.

 

İŞDƏN VƏ YA EVDƏN BÜTÜN MÜZAKİRƏLƏR ONLAYN QAYDADA APARILIR

İdarə müdiri qeyd edib ki, son zamanlar mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, fəaliyyətimizi əsasən məsafədən təşkil edirik. Koronavirus infeksiyası ilə bağlı ölkədə görülən sosial təcrid tədbirləri də, tibbi-gigiyenik qaydalar da bunu tələb edir.

Məlum olduğu kimi, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Əslində məktəblərdə tədrisin dayandırılması haqqında martın 3-də ilk qərar qəbul olunan gündən müvafiq qabaqlayıcı tədbirlər görməyə başlamışıq. Təhsil müəssisələrində də, idarənin inzibati binasında da dezinfeksiya işlərinin aparılması tamamlanıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq məlumatlarına və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq, fəaliyyətimizin məsafədən təşkil olunması kollektivimizə infeksiyadan daha etibarlı şəkildə qorunmağa və səmərəli işləməyə imkan verir. İşdən və ya evdən aparılan müzakirələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır və onlayn müsabiqələr təşkil olunur: “Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, idarə əməkdaşlarına sosial təcrid üçün əlverişli şəraitin yaradılması və ümumi təhsil müəssisələrində dərs prosesinin dayandırılması səbəbindən onlayn tədris imkanlarının müzakirəsindən ibarətdir.

Müzakirələrdə məktəblilərin tədris prosesindən uzaqlaşmaması üçün mövcud imkanlar araşdırılır, müəllim-şagird ünsiyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin məktəblilərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrə nəzər salınır. Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramı çərçivəsində yayımlanan teledərslərə və müəllimlər tərəfindən əlavə olaraq aparılan onlayn dərslərə uşaqların diqqətinin daha da artırılması üçün müəllim-valideyn əlaqələrinin vacibliyi önə çəkilir.

Bununla belə, zəruri hallarda  bir sıra əməkdaşlar işə çıxsa da, birbaşa ünsiyyət tamamilə məhdudlaşdırılıb ki, bu da mövcud tələblərin qaydalarına uyğundur. Ancaq onlayn proqramlar, elektron poçt, telefon və digər müvafiq vasitələrlə işimizi təşkil edirik”

 

HƏR KƏS KORONAVİRUS  İNFEKSİYASI  İLƏ MÜBARİZƏDƏ  ÖZ  MƏSULİYYƏTİNİ  TAM ANLAMALIDIR

 

R.Tağıyevin dediyinə görə, birmənalı olaraq, hər bir vətəndaş dövlətin apardığı qabaqlayıcı və mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlmiş tədbirlərə dəstək verməlidir. Hər kəs rəsmi məlumatlara istinad etməli, koronavirus infeksiyası ilə mübarizədə öz məsuliyyətini tam anlamalıdır. Unutmamalıyıq ki, infekiyadan qorunmaqla bağlı qoyulan qaydalara şərtsiz əməl olunmalıdır.

 

TEZLİKLƏ AZƏRBAYCANDA KORONAVİRUS İNFEKSİYASINA QARŞI GÖRÜLƏN TƏDBİRLƏR ÜRƏKAÇAN NƏTİCƏLƏR VERƏCƏK 

 

R.Tağıyev bildirib ki,  qeyd olunan bütün gigiyenik normalara və karantin qaydalarının tələblərinə əməl edir, ətrafımda olan bütün insanlara ehtiyac olduqca tövsiyə verir: “Bəllidir ki, istənilən bir şəxsin infeksiyaya yoluxması onun yaxınları və təmasda olduğu digər insanlar üçün də potensial təhlükədir. Ona görə də infeksiyaya qarşı mübarizədə dövlətimizin irəli sürdüyü devizə uyğun olaraq birlikdə mübarizə aparmalıyıq - #BizBirlikdəGüclüyük!

İnanıram ki, tezliklə Azərbaycanda koronavirus infeksiyasına qarşı görülən tədbirlər ürəkaçan nəticələr verəcək, ölkə həyatının bütün sahələri əvvəlki iş ahənginə qayıdacaqdır”.

 

S.QARAYEVA

525-ci qəzet