18.05.2020

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

2020-2021-ci dərs ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair

 

SUAL-CAVAB

 

Sual: Ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu necə həyata keçirilir? Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?

Cavab: I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sistem vasitəsilə ərizələrin onlayn qeydiyyatı ölkənin bütün ümumi təhsil müəssisələrini, lisey və gimnaziyalarını əhatə edir.

 

Sual: 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin   I sinfinə  şagird qəbulu hansı qaydada həyata keçirilir?

Cavab: 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədrisi digər dillərdə aparılan bölmələrə isə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi (müsahibə) yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbləri istisna olmaqla).

 

Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?

Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.

 

Sual: Tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün təşkil edilmiş müsahibələrdə iştirak edə bilməyən uşaqların 1-ci sinfə qəbulu hansı qaydada həyata keçirilir?

Cavab: Həmin uşaqların növbəti tədris ili üzrə 1-ci sinfə qəbulu aşağıdakı mərhələlərdən ibarətdir:

• Valideyn (qanuni nümayəndə) may ayının 18-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir;

• Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları mayın 20-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək;

• Onlayn müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək;

• Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetdə bildiriş formasında öz əksini tapacaq;

• Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək;

• Canlı müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək;

• Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.

 

Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün  sistemdə 1-ci sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?

Cavab: Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir.

 

Sual: 2020-2021-ci dərs ili üçün tədris digər dildə aparılan bölmə üzrə müraciət etmiş uşaqların 1-ci sinfə qəbulu hansı qaydada həyata keçirilir?

 Cavab:

• Valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir;

• Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyunun 3-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək;

• Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan yaşayış ünvanına uyğun müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq; 

• Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək;

• Müsahibə (canlı və ya onlayn) nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə eyni vaxtda məktəb seçimi imkanı yaradılacaq;

• Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.

 

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat valideynə nə zaman və necə bildiriləcək?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

 

Sual: Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?

Cavab: Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.

 

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə iştirak zamanı hansı sənədlər tələb olunur?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə valideyn və uşağın şəxsiyyətini təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunur.

 

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə, iyun ayı ərzində rayon (şəhər) təhsil şöbələrində (idarələrində) növbəyə yazılaraq, müəyyən edilmiş vaxtda Apelyasiya komissiyasına müraciət etmək mümkündür.

 

Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qeydiyyat necə aparılır?

Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Bunun üçün valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir. Övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin  təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.

 

Sual: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan valideynlərin övladının tədrisi digər dillərdə aparılan bölmələrinə qəbulu hansı qaydada aparılır?

Cavab: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan uşaqların tədrisi digər dillərdə aparılan bölmələrə qəbulu üçün ilk növbədə şifahi nitq bacarıqlarının yoxlanıldığı müsahibədə iştirak edib uğur qazanmaq lazımdır. Daha sonra həmin lisey və ya gimnaziyaya qəbulu üçün sistemdə müsabiqəyə yazılmalıdır. Müsabiqə lisey və ya gimnaziyalar tərəfindən həyata keçiriləcək.

 

Sual: Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?

Cavab: Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

 

Sual:  Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqlarının qəbulu necə həyata keçirilir?

Cavab: Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları yalnız müsabiqə yolu ilə qəbul edilir. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.

 

Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü?

Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, “Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.

 

Sual: Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?

Cavab: Lisey tərəfindən uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir.

 

 Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?

Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:

• valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan;

• valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;

• bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.

 

Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?

Cavab: Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək olar.

 

Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?

Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:

• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;

• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

• xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;

• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

• uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);

• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

 

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?

Cavab: Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

 

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?

Cavab: Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.06.2020-ci il tarixindən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

 

Sual: Bakı şəhərində sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.06.2020-ci il tarixindən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.

 

Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?

Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

 

Sual: Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?

Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.

 

Sual: Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı halda başa çatmış hesab olunur?

Cavab: Valideynin (qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra uşağın məktəbə yerləşdirilməsi prosesi başa çatır.

 

Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?

Cavab: Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.