03.07.2020

Azərbaycan təhsili pandemiya ilə necə mübarizə aparır?

Arzuolunmaz sürprizlərlə, gözlənilməzliklərlə dolu, tamam fərqli bir tədris ili başa çatdı. Artıq şagirdlər yay tətilinə qədəm qoyub. Müəllimlər və məktəblilər pandemiya şəraitindəki tədrisin və öyrənmə mühitinin yeni formasının onlayn dərs həyəcanının, mövcud sanitarepidemioloji vəziyyətin gətirdiyi gərginlikdən yaranan yorğunluqdan sonra istirahətə çıxıblar.

Qlobal pandemiya bütün sahələrdə olduğu kimi, təhsil sisteminə də təsirsiz ötüşmədi. Martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlimtərbiyə prosesi mərhələlərlə tədris ilinin sonuna qədər dayandırıldı. Lakin təhsil müəssisələrinin fəaliyyətində fasilə yaransa da, həyata keçirilən operativ tədbirlər nəticəsində tədrisin davamlılığı təmin olundu. İstər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən teledərslər, istərsə də onlayn dərslər təşəbbüsünə müəllimlərin fəal qoşulması şagirdlərin tədris mühitindən ayrılmaması üçün əlverişli zəmin yaratdı. Həmçinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Virtual məktəb” layihəsi təhsilverənlər və təhsilalanlar arasında rəğbətlə qarşılandı. Azərbaycan təhsili müxtəlif layihələrlə pandemiya ilə mübarizə aparmağa başladı. Və mübarizə paytaxtda daha çox hiss olundu. Çünki paytaxtda internet texnologiyaları ilə təminat bölgələrlə müqayisədə xeyli yüksək səviyyədədir. Üstəlik, ölkə üzrə ən çox məktəb sayı məhz Bakıdadır.

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyaniqiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində bu məktəblərdə 440 426 şagirdin təlimtərbiyəsi ilə 27 786 müəllim məşğul olub. Paytaxtdakı ümumi təhsil müəssisələrinin I siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini isə (əyaniqiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib. Ötən tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

2019-2020-ci tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyası genişləndirilib. Paytaxtdakı 163 məktəbdə 358 təmayül sinif təşkil olunub. 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Təhsil Nazirliyi, BMTnin Uşaq Fondu (UNICEF) və "Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt müəllimləri üçün "İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib.

Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə peşə təmayüllü siniflər yaradılıb. Bu siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev qeyd edib ki, ötən tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının madditexniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Belə ki, 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, 3 məktəb sökülərək yenidən tikilib. Zəruri olan ərazidə isə 1 yeni məktəb istifadəyə verilib. 2 məktəbin, bütövlükdə, sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb. Eləcə də 109 təhsil müəssisəsində cari təmir və mühəndiskommunikasiya işləri aparılıb.

"Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20 milyon manat vəsait ayrılıb.

2019-2020-ci tədris ili ərəfəsində əsaslı təmir edilmiş 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev iştirak edib. Birinci vitseprezident Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

2019-2020-ci tədris ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan 288 nəfər təhsil işçisi təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub. 8 müəllim "Tərəqqi” medalına, 14 müəllim "Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həmçinin gənc nəslin təlimtərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 16 müəllim "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı”, eləcə də səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

Pandemiya səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilə yarandığı dövrdə işlərin necə təşkil edilməsinə gəlincə, R.Tağıyev bildirib ki, paytaxtın ümumi təhsil müəssisələrində dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib. İdarə mövcud sanitarepidemioloji vəziyyəti nəzərə alaraq, ilk günlərdən fəaliyyətini məsafədən təşkil edir. Müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur. Eləcə də ictimaiyyəti maraqlandıran aktual məsələlərə dair BŞTİ-nin sosial şəbəkə səhifələri üzərindən canlı yayımlar təşkil olunur, bütün aktual suallar operativ şəkildə cavablandırılır.

Bu dövr ərzində müəllimlərin fədakarlığı, işlərinə peşəkar yanaşması, onlayn dərslərin keçirilməsi təşəbbüsünə qoşulmaları da xüsusilə qeyd olunmalıdır. Mövcud vəziyyətlə bağlı məktəblərdə fasilə yaransa da, müəllimşagird ünsiyyəti davam edib və müəllimlər tərəfindən onlayn dərslər keçirilib.

Xüsusi karantin rejimi dövründə paytaxtdakı ümumi təhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşularaq çoxsaylı xeyriyyə aksiyaları keçiriblər. Paytaxt məktəbliləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar "evdəqal” aksiyasında fəallıq göstərib, fərqli təşəbbüslərlə çıxış ediblər. COVID-19 pandemiyası ilə mübarizədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin valideyn və uşaqlar üçün nəzərdə tutulmuş müvafiq məlumatları BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanıb.

Hazırda valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların I sinfə qeydiyyatı və tədrisi digər dildə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi prosesidir. Bu istiqamətdə yenilik və nəticələrdən danışarkən Rəşad Tağıyev vurğulayıb ki, paytaxt məktəblərinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 44 minə yaxın müraciət edilib. Bu isə nəzərdə tutulan proqnozun 90 faizindən çoxdur.

İlk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Cari tədris ilindən etibarən ilk dəfə olaraq ümumi təhsil məktəblərinin tədrisin digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitarepidemioloji vəziyyətlə əlaqədar valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub.

Məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatı elektron formada aparıldığı üçün I sinfə qəbul prosesi zamanı həmin uşaqların təkrar qeydiyyatına ehtiyac qalmır. Ötən dərs ilində Bakıdakı 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub. Keçirilən müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul edilib. Ötən tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub. Çalışmanın yaş həddinə çatmış 1004 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

2019-2020-ci tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə paytaxtdakı ümumi təhsil müəssisələrində 54 nəfər təlimtərbiyə işləri üzrə direktor müavini, 29 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 19 nəfər təsərrüfat işləri üzrə direktor müavini, 27 nəfər psixoloq, 29 nəfər kitabxanaçı, 12 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 19 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 364 nəfərin işə qəbulu həyata keçirilib. 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 12 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

Məlumat üçün bildirək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2019-2020-ci tədris ili üçün 688 manat təşkil edir.

Xəyalə MURADLI,

"Azərbaycan”