23.10.2013

“Mən azərbaycanliyam!” müsabiqəsi yekunlaşib

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan “Mən azərbaycanlıyam!” adlı yaradıcılıq müsabiqəsi keçirilib. Müəllimlərlə yanaşı, VIII – XI sinif şagirdlərini əhatə edən müsabiqəyə artıq yekun vurulub.

 

Xatırladaq ki, 3 mərhələdən ibarət olan müsabiqənin ilkin – məktəb turunda məktəblərdən hər nominasiya üzrə yalnız 1 nəfər qalib seçilərək növbəti turda iştirak hüququ qazanıb. II mərhələdə isə hər nominasiya üzrə qaliblər Münsiflər Heyətinin rəyi ilə müəyyənləşərək yekun tura təqdim edilib. Apreldə baş tutan yekun turda Şəhər Təşkilat Komitəsi, həmçinin  yekun tur üzrə Münsiflər Heyəti ən yaxşı işləri və müsabiqənin qaliblərini müəyyənləşdirib. Qeyd edək ki, müsabiqə elmi – praktik konfrans, inşa yazı, bədii qiraət, fərdi internet səhifəsi (veb sayt, bloq), o cümlədən şagird və müəllimlərin slaydları (elektron təqdimatları) layihələri üzrə təşkil olunub. Sözügedən müsabiqənin qaliblərinin siyahısı artıq məlumdur. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən işlər Münsiflər Heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Finalda hər bir nominasiya üzrə qaliblər 1 (bir) I dərəcəli, 2 (iki) II dərəcəli və 3 (üç) III dərəcəli diplomla təltif olunublar. Birinci yeri tutan iştirakçılar həm də adlı təqaüdə layiq görülüb.


Ümumilikdə isə 41 nəfər qalib seçilib.  Yalnız  3 – elmi – praktik konfrans, fərdi internet səhifəsi və elektron təqdimat nominasiyalarında iştirak edərək qalibiyyət qazanan müəllimlərin sayı 2 – si kişi, 12 – si qadın olmaqla 14, bütün nominasiyalar üzrə bilik və bacarıqlarını sınayaraq qələbə qazanan şagirdlərin sayı isə 13 – ü oğlan, 14 – ü qız olmaqla 27 nəfərdir. Qeyd edək ki, ayrı – ayrı nominasiyalar üzrə diqqəti çəkən digər işlərin müəllifləri həvəsləndirici diplomlarla mükafatlandırılacaqlar. Qaliblərin mükafatlandırılma mərasimi isə mayın ilk ongünlüyündə keçiriləcək yekun konfransda baş tutacaq.