23.10.2013

Qurtuluşa aparan yol – 20 il

Azərbaycan möhtəşəm bir bayramı, 15 iyun Qurtuluş gününü təmtəraqla qeyd edir. Müasir Azərbaycan tarixində özünəməxsus yeri olan bu tarix ölkəmizin mövcudluğunun qorunub saxlanması, müstəqilliyimizin davam etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

 

Qurtuluş Gününün tarixi əhəmiyyətini daha yaxşı qiymətləndirmək üçün illər əvvələ nəzər salmaq, tarixi proseslərin gedişini bir daha izləmək lazımdır. Tarix hər şeyi yerinə qoyur, məhz tarixdə yaşananlar zaman keçdikcə tarixin bu gününü daha yaxşı qiymətləndirmək üçün şərait yaradır. Bu baxımdan 1993 - cü ilin Qurtuluş gününə aparan yolda baş verənlər prosesləri öyrənmək, tarixdən dərs çıxarmaq, bu günü doğru qiymətləndirmək və gələcəyi daha sağlam təməllər üzərində qurmaq üçün olduqca dəyərlidir.


Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993 -cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanın ölüm - qalım mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev!


Heydər Əliyev dühası ilə dünyanı heyrətləndirib, zamanın və tarixin üzünü Azərbaycana tərəf çevirdi. Onu tanıyanlar öz iradəsi ilə ölkəni inkişafın ən yüksək zirvəsinə çatdıracağına qətiyyən şübhə etmirdilər. Dünya prosesləri yaxından izləyirdi,  dünyanın gözü qarşısında qüdrətli bir Azərbaycanın təməli qoyulurdu.  O Azərbaycanın ki, dahi Heydər Əliyev bütün ömrünü onun inkişafına həsr etmişdi, onun ən böyük mükafatı da müstəqil Azərbaycan olacaqdı. Azərbaycan xalqı onun ölkəyə rəhbərlik edib problemlər məngənəsindən çıxaracağı günü ümidlə gözləyirdi. Azərbaycanın düşdüyü çətin vəziyyətdən, xalqı qardaş qırğınından, ölkəni parçalanmaqdan, tariximizi məhv olmaqdan qoruyacaq iradəyə sahib olan bir lider xilaskar missiyasını üzərinə götürməli idi. Tarix liderləri yaradır ki, onlar öz xalqını, öz dövlətini, öz Vətənini tarixdə yaşatsınlar. Dahi Heydər Əliyev də tanrının ona bəxş etdiyi düha, tarixin ona bəxş etdiyi fürsət, xalqının ona olan inamı ilə bu çətin missiyanın öhdəsindən bacarıqla gəldi.  Tarixi yaşatdı və tarixdə əbədiyaşarlıq qazandı...



1993 – cü İLİN İYUNUNDA NƏ BAŞ VERİRDİ?



1991 - ci ilin oktyabrında müstəqillik əldə edən Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində təcavüzün qurbanı oldu. Yenicə müstəqilliyini qazanmış respublikamızda vəziyyət getdikcə gərginləşirdi. Həm daxili problemlər, həm də xarici təcavüz müstəqilliyinə yenicə qovuşmuş bir ölkəni olduqca çətin və çıxılmaz vəziyyətlə üz - üzə qoymuşdu. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı - ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993 - cü il iyunun 4 - də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, Surət Hüseynovun rəhbərlik etdiyi qiyam Gəncə ətrafından çıxaraq, Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi.



HEYDƏR ƏLİYEV - XİLASKAR



İyunun 4 - də səhər hərbi qiyamı yatırmaq üçün hökumət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. Qardaş qırğını təhlükəsi getdikcə daha da yaxınlaşırdı. Bütünlüklə Azərbaycanın varlığı, bir dövlət kimi bütövlüyü təhlükə altında idi. İyunun 14 - də Nəvahi yaxınlığında ordular üz - üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri,  baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin qabaqcıl ictimai - siyasi xadimləri, ziyalılar, sadə insanlar böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Buna görə də yaranmış vəziyyətdə baş verə biləcək fəlakətin qarşısını almaq üçün yeganə çıxış yolunun Heydər Əliyevin Bakıya qayıtması olduğunu artıq hakimiyyətdəkilər də etiraf edirdi. Ölkəni xaosdan çıxarmaq, qardaş qırğınının qarşısını almaq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etməyin yolu Heydər Əliyev dühasından keçirdi. Ancaq bu düha illərlə Azərbaycana xidmət etmiş, ən çətin zamanlarda belə vətəni və bu vətənin insanları üçün çalışan, böyük əmək sərf edən, siyasi iradə nümayiş etdirən, bütün təhlükələri gözə alaraq imperiyanın 1990 - cı ildə törətdiyi qırğına ilk etiraz səsini ucaltmaqdan çəkinməyən Heydər Əliyev Azərbaycanın xilaskarı ola bilərdi. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9 - da Bakıya gəldi. Təkcə bu gəliş belə daxili və xarici düşmənlərimizin bütün planlarının iflasa uğrayacağını söyləmək üçün kifayət idi. Nəinki keçmiş SSRİ - nin, hətta bütün dünyanın həsəd apardığı siyasi iradəyə, fəhmə, dünyagörüşünə malik bir şəxsiyyətin yenidən Azərbaycana yorulmaq bilmədən xidmət etmək qərarının özü belə gələcək üçün ümid yaradırdı.



AZƏRBAYCANIN MÖVCUDLUĞU TƏMİN OLUNDU



Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün Heydər Əliyev öz sözünü dedi. Elə bir söz ki, bütün tərəfləri dayandırmağa, üz - üzə dayanan iki “ordunu” susdurmağa, gözlənilən böyük fəlakəti önləməyə qadir idi. Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdırlar”.


Azərbaycan rahat bir nəfəs aldı. Artıq “Kremldəki türk” deyə dünya mətbuatının bir zamanlar təqdim etdiyi dahi Heydər Əliyev Azərbaycanın müstəqilliyinin, bütövlüyünü qorumaq, inkişaf etdirmək, daha güclü bir dövlət yaratmaq kimi tarixi bir missiyanı üzərinə götürmüşdü. Və onun Azərbaycan qarşısında xidmətləri sayəsində qısa zamanda bu ölkə dünyanı heyrətləndirəcək bir inkişafa imza atacaq. Hadisələr buna aparırdı. Azərbaycan artıq bundan sonra taleyini böyük oğlu Heydər Əliyevin siyasi dühasına etibar edəcəkdi. Bu dühanın sahibi bütün ömrü boyu Azərbaycana xidmət etmişdi, onun adı həmişə Azərbaycanla birlikdə çəkilmişdi və bundan sonra da belə olacaqdı. Ancaq bir fərqlə - müstəqil, demokratik Azərbaycan fərqi ilə...



ZAMANI TARİXİLƏŞDİRƏN LİDER



1993 - cü il iyunun 15 - də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969 - 1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991 - 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə qayıtmaqla Vətəninə olan böyük sevgisini bir daha təzahür etdirdi. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığının parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin - amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli - mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.


Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixiləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.  Azərbaycan bu günü üçün Heydər Əliyevə borclu olduğu kimi...



“ÖMRÜMÜN QALAN HİSSƏSİNİ AZƏRBAYCANIN İNKİŞAFINA HƏSR EDƏCƏYƏM”



Bu gün o tarixdən bizi 20 illik, çox da uzaq olmayan bir zaman ayırarkən tarix öz qiymətini verdi. Azərbaycan siyasi, iqtisadi, sosial sahələrdəki inkişafı ilə dünyanın heyrətlənməkdə haqlı olduğunu sübut etdi. Bu gün öz inkişafı ilə regionun lider dövlətinə çevrilən Azərbaycan Heydər Əliyev yolunun məhz inkişafa xidmət etdiyini təsdiqlədi.


Hələlik isə 1993 - cü ilin 15 iyunu idi... Heydər Əliyev Milli Məclisə sədr seçildiyi iclasdakı tarixi çıxışı ilə Azərbaycanın gələcəyini gözlər önünə gətirdi: “Mənə bu gün böyük etimad göstərdiyinizə görə, Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib, bu ağır yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyət ilə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.


Tarixi çıxışında Azərbaycanın müstəqillik tarixinə diqqəti çəkən dahi lider dövlətimizin 1918 - ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı inkişaf edəcəyinin müjdəsini verirdi: “Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə -gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm”.



QURTULUŞUN BƏXŞ ETDİYİ ƏBƏDİ MÜSTƏQİLLİK



Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durduğunu deyən MM sədri müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının geri qaytarılmalı olduğunu vurğulayırdı: “Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin - amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Ona görə də bu məsələ əsas məsələlərdən biridir. Bundan sonra da bu məsələlər Ali Məclisin diqqət mərkəzində olmalıdır. Sizi bu barədə tam əmin edirəm.


Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə aparıb, ümumdünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin”.



Heydər Əliyev öz tarixi çıxışı ilə bu gün dünyaya nümunə olan tolerant Azərbaycanın əsasını qoyurdu: “Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu, bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq...  Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır”.


Qurtuluşa aparan yol çətin, ağır oldu, amma bu yolun sonunda qələbə vardı. Bir millətin, bir dövlətin, bir vətənin qələbəsi. 15 iyun artıq 20 ildir ki, Azərbaycanı yeni - yeni qələbələrə aparacaq yolun başlanğıcını qoyub. Azərbaycan əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu yolda ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında qələbələrə doğru əzmlə irəliləyir...