24.10.2013

Baki Təhsili – Uğurdan Uğura Doğru

Uğurlarla dolu daha bir təhsil ili arxada qaldı. 2012 -2013 - cü tədris ili də bütün təhsil sistemində olduğu kimi Bakı məktəblərində də bir sıra uğur və yeniliklərlə yadda qaldı. Yeni tədris ilinin astanasından ötən tədris ilinə baxanda bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də əhəmiyyətli nəticələrin tarixin yaddaşında yazıldığını müşahidə edirik. Xatırladaq ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu məktəblərdə 311 min 695 nəfər şagirdin təlim - tərbiyəsi ilə 29870 nəfər müəllim məşğul olur.    

     

Bakı “birincilər”lə rekorda imza atdı



Ötən tədris ilinin ən mühüm yeniliyi uzun illərdən sonra ilk dəfə “birincilərin” sayında əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq artımın qeydə alınması oldu.
2012 – 2013 - cü tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 000 – ə yaxın şagirdin qəbulu gözlənilirdi. Hətta bu rəqəm belə əvvəlki illərlə müqayisədə çox olduğundan xüsusi olaraq diqqəti cəlb etmişdi. Ancaq Bilik günü ərəfəsində məktəblərdən əldə edilən statistika göstərdi ki, Bakıda “birincilər”in sayında rekord artım qeydə alınıb.  Daha 3000 şagird I sinfə qəbul olundu və beləliklə “birincilər”in sayı 36 minə yüksəldi. Bu isə son illərdə paytaxt məktəblərində rekord nəticə kimi qeydə alındı.



Bakı məzunlarının qəbul göstəricisi daha da artdı 



Tədris ili ənənəvi olaraq paytaxtın təhsil ictimaiyyətinin nümayəndələrinin konfransı ilə başladı. Sentyabrın 10 -  da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda BŞTİ  - nin müdiri Nailə Rzaquliyeva «2011 – 2012 - ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda məruzə ilə çıxış edərək paytaxtın təhsil sistemində əldə edilən nəticələr barədə məlumat verdi. Məlum oldu ki, ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin çəkisi artıb. Belə ki,  attestat alanların 88.4 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün  sənəd verib. Onlardan 51.83 faizi tələbə adını qazanıb. Ötən illə müqayisədə bu rəqəm 5 faiz, 2006 - cı illə müqayisədə 17 faiz artıb.
2012 - ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 1 nəfər  məzun maksimum 700 bal toplayıb. BŞTİ - nin tabeliyindəki məktəblərin məzunlarının 11 nəfəri son 5 ildə ali məktəblərə qəbul imtahanlarında maksimum 700 bal toplamaqla paytaxtın təhsil sisteminin uğurunu bir daha nümayiş etdiriblər. Prezident İlham Əliyevin sərəncamına əsasən məktəb və müəllimlər arasında keçirilən müsabiqədə BŞTİ - nin 2012 - ci ildəki nəticələri də ürəkaçan olub. Həmin müsabiqəyə qatılan müəllimlərdən 51 nəfəri “Ən yaxşı müəllim”, məktəblərdən 20 - si  “Ən yaxşı məktəb” sırasına daxil edildi. Ümumilikdə müsabiqənin keçirildiyi müddətdə BŞTİ - nin tabeliyindəki 109 məktəb Prezident sərəncamı ilə “İlin ən yaxşı ümumtəhsil məktəbi”, 233 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi oldu.



“Yeniləşən Azərbaycana yeni məktəblər”



Təhsil sistemində yüksək nəticələrin əldə edilməsində müəssisələrin maddi - texniki bazasının inkişafı danılmazdır. Ölkəmizdə təhsilə dövlət səviyyəsində diqqət və qayğının, təhsilə ayrılan büdcə vəsaitinin artırılması nəticələrdə də özünü göstərir. Təkcə geridə qoyduğumuz tədris ilində Bakı şəhərində 5060 şagird yerlik 7 yeni məktəb binası inşa edildi. Həmin məktəblərdən biri - Binə qəsəbəsindəki 326 nömrəli məktəb Heydər Əliyev Fondu, 2 – si Təhsil Nazirliyi, 4 – ü icra hakimiyyətinin vəsaiti hesabına tikildi. Beləliklə də Bakıdakı məktəblərin sayı 311 - dən 316 - ya yüksəldi.
8 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün 3180 yerlik əlavə korpus tikilərək  istifadəyə verildi, 4 məktəbin idman və akt zalları tamamilə yeniləşdi. 62 məktəbdə əsaslı təmir işləri aparıldı. 3 məktəbin istilik sistemi təmir edildi, 2 məktəbə qaz xətti çəkildi. Ümumilikdə isə 2006 - 2012-ci illərdə paytaxtda 30 yeni məktəb binası inşa edildi.  Onlardan da 3 - ü Heydər Əliyev Fondu tərəfindən tikildi. 8 - i Heydər Əliyev Fondu tərəfindən olmaqla 179 məktəb üçün əlavə korpus inşa olundu. 234 məktəbdə əsaslı təmir işləri aparıldı. Sentyabrın 15 - i Bilik Günü ilə əlaqədar paytaxtın bütün təhsil müəssisələrində bayram ovqatı yaşandı. Prezident İlham Əliyev paytaxtın Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak etdi. MDB məkanında ilk dəfə olaraq bu məktəbdə “smart sinif” açıldı. Prezident həmçinin Keşlə qəsəbəsində 328, Yasamal rayonundakı 18, Nizami rayonunda yenidən qurulan 70 saylı məktəb – liseyin təmirdən sonra açılışına qatıldı. Dövlət başçısı 242 saylı məktəbin təmir və yenidənqurma işlərindən sonra məktəbin vəziyyəti ilə tanış oldu.


Məktəblərin maddi - texniki bazasının gücləndirilməsi sahəsində daha bir yenilik 3D texnologiyasının tətbiqi oldu. 18 saylı məktəbdə mətbuat nümayəndələrinin iştirakı ilə 3D effektli dərs vəsaitinin tətbiq olunduğu fənn kabinetinin təqdimat mərasimi keçirildi. Mərasimdə KİV təmsilçilərinə bu barədə ətraflı məlumat verməklə yanaşı, 3D texnologiyasından istifadə etməklə dərs prosesini də nümayiş etdirdilər.



Bakıda unudulmaz bayram konserti



Ümummilli lider Heydər Əliyevin “Mən müəllim adından yüksək ad tanımıram” kəlamı müəllim əməyinə verilən ən yüksək qiymətlərdən biri kimi tarixdə yaşayacaq. Beynəlxalq Müəllimlər Günü ərəfəsində Prezident İlham Əliyevin Azərbaycanın təhsil işçilərinə "Tərəqqi" medalları və "Əməkdar müəllim" fəxri adlarının  verilməsi ilə bağlı imzaladığı sərəncam müəllim əməyinə yüksək qiymətin daha bir nümunəsi oldu.
BŞTİ 5 oktyabr Beynəlxalq Müəllimlər Gününün əsl bayram ovqatı ilə qeyd olunması ənənəsinə ötən tədris ilində də sadiq qaldı.


Beynəlxalq Müəllimlər Günü münasibətilə Heydər Əliyev adına Respublika Sarayında bayram tədbiri təşkil edildi. Beləliklə də BŞTİ - nin təşəbbüsü və təşkilatçılığı ilə müəllimlərin bayramı ilk dəfə olaraq əsl bayram əhval -ruhiyyəsində qarşılandı. Rəsmi açılış mərasimindən sonra Bakının istedadlı yetirmələri geniş konsert proqramı ilə çıxış etdilər. Müəllimlər Günü Bakıda böyük coşğu ilə qeyd olundu.



Bakının 102 qalibi



BŞTİ - nin tabeliyində olan təhsil müəssisələrinin ötən tədris ilində əldə etdiyi böyük uğurlar sırasında fənn olimpiadası xüsusi yer tutur. Ənənəvi olaraq paytaxt məktəblərində noyabr ayından start götürən “Bilik yarışı” bu dəfə də 100 minə yaxın şagirdi əhatə etdi. Mərhələli şəkildə keçirilən və fənn olimpiadasının respublika mərhələsində iştirak etmək imkanı qazanmaq üçün şagirdlərin biliklərinin sınandığı yarışın nəticələri ürəkaçan oldu. Nəticələrə görə, respublika üzrə təşkil olunan yarışın qaliblərindən 102 nəfər Bakı məktəblərinin payına düşdü. 2013 – cü ildə keçirilən Olimpiadanın qaliblərindən birinciliyi əldə edən şagirdlərimiz isə 5 nəfər oldu. Onlardan  43 nömrəli məktəb – liseyin XI sinif şagirdi Əliyev Əli Adil oğlu və 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Vəliyev Veysəl İsaxan oğlu Azərbaycan tarixi fənni üzrə, 276 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nağızadə Aynur Şöhrət qızı Riyaziyyat fənni üzrə, 145 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ağayev Həsən Rövşən oğlu Kimya fənni üzrə, 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdi Məmmədova Fidan Fərid qızı Biologiya fənni üzrə adını birinciliyə yazdırdı. 2012 - ci illə müqayisədə Olimpiadada qalibiyyət qazanan şagirdlərin sayının 10 nəfər artması paytaxt təhsilinin uğurlarının göstəricisidir.



“Tariximiz - dünənimiz, bu günümüz və  gələcəyimizdir”



Təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkarlanaraq onların potensial imkanlarının daha da inkişaf etdirilməsi məqsədilə BŞTİ məktəblərdə fənn aylıqlarının keçirilməsinə xüsusi diqqət yetirir. Artıq ikinci tədris ilidir ki, təhsil müəssisələrinə müəllim və şagirdlərin iştirakı üçün hərtərəfli şəraitin yaradıldığı fənn aylıqları fənnin mənimsənilməsi, istedadlı şagirdlərin aşkarlanması işinə təkan verməklə ənənə halını alıb. Ötən tədris ilində BŞTİ - nin qərarı ilə “Tariximiz - dünənimiz, bu günümüz və  gələcəyimizdir” adlı “Azərbaycan tarixi fənn aylığı” keçirildi.


İdarənin Fəaliyyət planına əsasən keçirilən fənn aylığı ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin də yüksək səviyyədə təşkili, məktəblər üzrə fəaliyyətin koordinasiya edilməsi ilə diqqətləri cəlb etdi.


“Tariximiz - dünənimiz, bu günümüz və  gələcəyimizdir” adlı “Azərbaycan tarixi fənn aylığı”nın yüksək səviyyədə təşkili, məktəblər üzrə fəaliyyətin koordinasiya edilməsi, aylığın yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi yaradıldı. Fəal təlim əsasında qurulmuş ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı “Açıq dərs”, şagirdlərin Azərbaycan tarixi  fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri (referat, məqalə, və.s.) nominasiyaları üzrə keçirilən fənn aylığına konfransla yekun vuruldu. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri və VII - XI sinif şagirdlərinin iştirak etdiyi fənn aylığında  hər nominasiya üzrə 1 (bir) I dərəcəli, 2 (iki) II dərəcəli, 3 (üç) III dərəcəli diplom təqdim olundu. Ayrı - ayrı nominasiyalar üzrə diqqəti çəkən digər işlərin müəllifləri həvəsləndirici diplomla mükafatlandırıldı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi, millət vəkilləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak etdilər.


Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, millət vəkili, akademik Ziyad Səmədzadə, ADPU - nun kafedra müdiri Vəli Əliyev çıxış edərək tədbir barədə fikirlərini bölüşdülər. Fənn aylıqlarının keçirilməsinin tədrisin keyfiyyətinin yüksəldilməsindəki rolu xüsusi olaraq vurğulandı. 



İstedadların “Qızıl onluğ”u


İstedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılması və onların  potensial imkanlarının daha da inkişaf etdirilməsi BŞTİ - nin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib.  Təsadüfi deyil ki, istedadlı şagirdlərlə bağlı müxtəlif  tədbirlərin keçirilməsi, İstedad bankının yaradılması Azərbaycanın gələcək inkişafı üçün zəmin hazırlanması deməkdir.  Bu baxımdan BŞTİ - nin təşkilatçılığı ilə ilk dəfə olaraq məktəblilər arasında “İntellektə gedən yol” adlı müsabiqə də tarixin yaddaşında qalacaq. Şagirdlər  arasında intellektual  inkişafın  artırılması, dünyagörüşü  və  bilik  səviyyəsinin yoxlanılması, həmçinin  onların  sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətlərinin  səviyyəsinin  öyrənilməsi  və  təbliği məqsədilə IV sinif  şagirdləri arasında keçirilən bu müsabiqənin ilkin mərhələsində 535 şagird seçildi. Onlara 12 – si riyaziyyat,  8 – i isə məntiqə aid olmaqla 20 sual təqdim edildi. Müsabiqənin bu mərhələsində iştirakçılardan 75 faizi sualları düzgün cavablandırdı. Yüksək nəticə göstərən şagirdlərin say çoxluğu qaydaların dəyişməsi ilə nəticələndi. III mərhələyə keçən şagirdlərin sayı 30 deyil, 46 nəfər oldu. Bu mərhələdə ən yüksək nəticə göstərən 10 nəfər “Qızıl onluğ”a daxil edildi. Qaliblərin mükafatlandırılma mərasimində BŞTİ - nin bu müsabiqəsi də ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.



Heydər Əliyev – 90


Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə müxtəlif  tədbirlərin keçirilməsi də BŞTİ -nin fəaliyyətində mühüm xətt təşkil edir. 2013 - cü il də bu baxımdan olduqca uğurlu oldu. Dahi liderin Azərbaycan şagirdinə daha yaxından tanıdılması, ümummilli liderin irsinin öyrənilməsi yolunda həyata keçirilən tədbirlər davamlı olmaqla yanaşı özünəməxsusluğu ilə fərqləndi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə aprelin 30 - da Bakıda “Təhsil, texnologiya və tərəqqi” adlı sərgi paytaxtın təhsil sisteminin uğurlarını nümayiş etdirmək üçün geniş imkan yaratdı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən sərgi BŞTİ - nin sayca 3 - cü sərgisi olmaqla 47 bölmədə fəaliyyət göstərdi. Gün ərzində çoxsaylı ziyarətçilərin böyük maraqla izlədiyi sərgidə BŞTİ - nin tabeliyindəki ümumi və məktəbdənkənar təhsil müəssisələri tərəfindən son 6 ildə əldə olunan  uğurlar təqdim edildi. Bununla bərabər  bu sərgi təhsilimizin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir təlim metodlarından istifadə, son texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi yolunda həyata keçirilən tədbirləri nümayiş etdirmək üçün gözəl imkan oldu. Gün ərzində davam edən sərginin rəsmi açılış mərasimində Milli Məclis, Təhsil Nazirliyi, rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak etdilər. Mətbuatın böyük marağı ilə qarşılanan tədbirdə Bakı məktəbləri  ziyarətçiləri son təhsil yenilikləri ilə tanış etməklə yanaşı,  təhsilin məzmunca yenilənməsi istiqamətində görülən işlərin təqdimatını da apardılar. BŞTİ - nin müdiri Nailə Rzaquliyeva çıxışında rəhbərlik etdiyi idarənin sayca üçüncü olan sərgisinin təşkilindəki məqsəd və məramı açıqladı. İdarə müdiri sərginin ulu öndər, təhsilimizin böyük hamisi Heydər  Əliyevin 90 illiyinə həsr edildiyini bildirərək dahi şəxsiyyətin təşəbbüsü və qayğısı ilə təhsil sahəsində əldə edilən uğurlardan söz açdı: “Təhsil  millətin  gələcəyi, müstəqil dövlətin təməlidir. Müstəqil  dövlətimizin təməl daşını qoyan  ulu öndərimiz Heydər Əliyev Azərbaycan təhsilinin  inkişafına əbədi  töhfəsini verib. Təbii ki, ulu öndər Heydər Əliyev barədə söz açan istənilən sahənin mütəxəssisi  onu özünün çalışdığı sahənin himayədarı kimi qiymətləndirir,  daha çox bu sahəyə qayğı göstərdiyini vurğulayırlar. Ancaq bizə elə gəlir ki, ulu öndərin ən çox qayğı göstərdiyi, daim diqqət mərkəzində saxladığı  birinci sahə bilavasitə ölkənin təhsil sistemi olub. “Mən müəllim adından şərəfli bir ad tanımıram” deyən ulu öndərimizin Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi tədbirlər haqqında biz müəllimlərin hər biri  az qala hər gün söz açırıq. O böyük ömrün bütün mərhələlərinə nəzər yetirdikdə ulu öndərimizin təhsil sisteminə verdiyi önəmin daha bir nümunəsi ilə tanış oluruq”.


Beləliklə də BŞTİ paytaxtda təhsil sərgilərinin keçirilməsi ənənəsini ötən tədris ilində də qoruyub yaşatdı. Qeyd edək ki, əvvəlki illərdə BŞTİ - nin   fəaliyyətini  əks  etdirən və paytaxtda ilk təhsil sərgisi kimi tarixə düşən “Təhsil,   zaman   və  biz”, daha sonra isə “İKT - nin  tətbiqi - bilik, təcrübə  və texnologiya” adlı  təhsil  sərgiləri keçirilib.


Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 - cı ildönümü münasibətilə daha bir möhtəşəm tədbir “Mən azərbaycanlıyam” adı altında keçirilən müsabiqə oldu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yaradıcılıq müsabiqəsində müəllimlərlə yanaşı VIII - XI sinif şagirdlərinin də iştirakı təmin olundu. 41 qalibin yaradıcılıq işinin yüksək qiymətləndirildiyi müsabiqə BŞTİ rəsmiləri, mətbuat nümayəndələri, tanınmış elm və ictimai xadimlərin iştirak etdiyi konfransla yekunlaşdı.


Beləliklə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətdə olduğu müddət ərzində daha bir uğurlarla bol tədris ili tarixə qovuşdu. Zəngin potensiala malik Bakı təhsilinin gələcək illərdə daha böyük nailiyyətlər əldə edəcəyi şəksizdir.