28.12.2013

Olimpiadanın nəticələri elan olundu

Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin I turunun nəticələri artıq elan edilib və nəticələr məktəblərə göndərilib. 
Fənn olimpiadalarının şəhər mərhələsinin I turu dekabrın 15-i VII – XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya, xarici dil, fizika, kimya və informatika fənləri üzrə keçirilib. Xarici dili, coğrafiya və digər olimpiada keçirilən fənlərin VII və VIII sinifləri üzrə bilik yarışı fənn olimpiadalarının şəhər mərhələsinin I turu ilə yekunlaşır. Bu səbəbdən bu fənlər və siniflər  üzrə 39 – 40 bal toplayanlar I, 37 – 38 bal toplayanlar II, 35 – 36 bal toplayanlar isə III yerin qalibi hesab olunurlar. 
Yanvar ayında keçiriləcək fənn olimpiadalarının şəhər mərhələsinin II turunda yalnız IX - XI siniflər iştirak edəcək. II mərhələdə xarici dil və coğrafiya fənləri istisna olmaqla şagirdlər Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika, kimya və informatika fənləri üzrə yarışacaqlar.
Qeyd edək ki, 28-29 dekabr tarixlərində 14:00-18:00 arasında Bakı Şəhəri üzrə Təhsil İdarəsində apellyasiya komissiyası fəaliyyət göstərəcəkdir. “Bilik yarışı”nda öz nəticəsindən narazı qalanlar apellyasiya komissiyasına müraciət edə bilərlər.