17.01.2014

“UŞAQ DÜNYASI”nda rəsm sərgisi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə” 10.01.2014 - cü il tarixli 1 №-li əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq yanvarın 17 – də Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq Dünyası” Rəsm Qalereyasında məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin və orta ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib. Sərginin açılışında Təhsil Nazirliyinin və BŞTİ – nin rəsmiləri, o cümlədən məktəbdənkənar təhsil müəssisələrinin direktorları iştirak ediblər. 
Nəzərinizə çatdıraq ki, tədbirin keçirilməsində əsas məqsəd qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq və eyni zamanda vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.  
Tədbir açıq elan olunduqdan sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə çıxış edən qonaqlar 1990 - cı il yanvarın 20 - də baş verən faciəli hadisələr haqqında geniş məlumat verərək bu hadisənin çağdaş tariximizə xalqımızın qürur və şərəf mübarizəsi kimi daxil olduğunu vurğulayıblar. 20 Yanvar həqiqətlərindən danışan çıxışçılar bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini də diqqətə çatdırıblar.
Çıxışlardan sonra əl işlərinə baxış keçirilib, müəlliflərə və müəssisə rəhbərlərinə minnətdarlıq bildirilib. 
Qeyd edək ki, sərgidə 100 – dən çox rəsm işi nümayiş etdirilib. Rəsmləri çəkən şagirdlər 20 Yanvar faciəsini gözləri ilə görməsələr də öz müəllimlərindən, dərnək rəhbərlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə yanvarın 19 - dan 20 - nə keçən gecə dağılmaqda olan sovet imperiyasının xüsusi təlim keçmiş ordusunun öz azadlığı və istiqlaliyyəti uğrunda çarpışan əliyalın, silahsız xalqa qarşı ağır zirehli hərb maşınları ilə hücumundan, qəddarcasına onları qətlə yetirmələrindən bəhs olunurdu. Rəsmlərdə eyni zamanda bütün bu vəhşiliklərə sinə gərən mərd oğul və qızlarımızın məğrurluğu da öz əksini tapıb. 
Qeyd edək ki, sərgi 17 və 18 yanvar tarixlərində ziyarətçilərə açıqdır.