17.04.2014

MƏKTƏBDƏNKƏNAR MÜƏSSİSƏLƏRİ TANIYAQ

 

UĞURLARI İLƏ FƏRQLƏNƏN TƏRBİYƏ İŞİ MƏRKƏZİ

 

Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir. Belə müəssisələrdən biri də Bakı şəhəri 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzidir.

 

YARANMA TARİXİ

Qeyd edək ki, 1938 – ci ildən “Pionerlər bağı” adı ilə fəaliyyət göstərən müəssisə üçün 1962 – ci ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən 28 otaqdan ibarət məktəb tipli ikimərtəbəli müstəqil bina tikilmiş, adı dəyişilərək Mərkəzi Pioner və Məktəblilər Parkı adlandırılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri ilə 2007 - ci ildən etibarən müəssisənin adı yenidən dəyişdirilərək Bakı şəhəri 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi adlandırılmışdır.

 

MARAQLI DƏRNƏKLƏR

2013 – 2014 - cü tədris ilində 46 № - li Tərbiyə İşi Mərkəzində 2000 - ə  yaxın şagirdi əhatə edən 78 qrup fəaliyyət göstərir. Cari tədris ilində mərkəzdə 16 adda müxtəlif profilli dərnəklər: bədii qiraət, məktəb teatrı, nağıl və debat, xalq folkloru, şən hazırcavablar klubu, diyarşünaslıq  (ədəbi, tarix, coğrafiya), uşaq xalq rəqsləri, təsviri incəsənət, intellekt, musiqisevərlər, şahmat, informatika (İKT), yol hərəkəti qaydaları, ibtidai texniki modelləşdirmə, gənc ekoloq və bioloq, sağlam həyat tərzi dərnəkləri fəaliyyət göstərir.

 

ARTAN NAİLİYYƏTLƏR       

Mərkəzin pedaqoji kollektivi və dərnək üzvlərinin nailiyyətləri artmaqda davam edir. Belə ki, müəssisə 2006/07 - ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim - tərbiyə müəssisəsi” müsabiqəsində I yeri tutub.

46 № - li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Yazıçılar, Rəssamlar, Bəstəkarlar İttifaqı, KİV, muzey, teatr və ictimai birliklərlə layihələrin həyata keçirilməsində iş birliyi yaradır. Türkiyə, Polşa, Çexiya, Yunanıstan, Rusiya, Qazaxıstan, Qətər, İran İslam Respublikası və s. ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak edir.

2010/11 - ci tədris ilində mərkəzin yetirmələrindən Fidan Hacızadə, Emin Eminov, Nəzrin Vəliyeva, Həşimzadə Süleyman Çexiya Respublikasının “Lidiçe” şəhərində keçirilən Beynəlxalq İncəsənət Festivalında uğur qazanaraq həmin ölkənin diplomuna layiq görülmüşlər. Mərkəzin fəallarından Yusifli Leyla, Demir Aysel Nur, Sevinc Baxşəliyeva, Orxan Rzayev 16 - cı Kanaqava Dünya Uşaqlarının sərgisində öz rəsm əsərləri ilə iştirak edərək yer tutmuşlar. Sevinc Baxşəliyeva və Demir Aysel Nur “Ən çox sevdiyim idman növü” mövzusunda Amerikada keçirilən Beynəlxalq Uşaq Rəsm müsabiqəsində də iştirak edərək qalib olmuşlar. Bundan başqa, mərkəzin yetirməsi Rəhimov Qüdrət İsmayıl oğlu 2010 - cu ildə Özbəkistanda keçirilən “Daşkənd sevincləri” III Beynəlxalq Biennali Uşaq Rəsm Müsabiqəsində II yeri tutmuş, gümüş medal və diplomla təltif olunmuşdur. 

Mərkəzin yetirmələrindən Elvira Heydərova, Səma Fərəcli, Zaur Səmədov, Əzizə Mustafayeva, İlahə Çələbiyeva, İbrahim Talıbov  2010 – cu ildə Qazaxıstanın Ust – Kamenoqorsk şəhərində keçirilən Gənc Hərəkət İnspektorlarının Dövlətlərarası toplanışında III yeri qazanıblar.

46 № - li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin yetirmələri ölkə daxilində keçirilən yarış və müsabiqələrdə də iştirak edərək bir çox uğurlara imza atıblar. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi “Təbiət bizim sərvətimizdir” rəsm müsabiqəsində Adil Baxşəliyev, Tahir Əliyev diploma layiq görülmüşlər. Gənclər və İdman Nazirliyinin Abşeron Rəsm Qalereyası ilə birgə Xocalı soyqırımı və 20 Yanvar faciəsi ilə bağlı keçirdiyi rəsm sərgilərində iştirak edən Aysel Babaverdiyeva, Sevinc Baxşəliyeva, Fidan Hacızadə, Tariyel Hacıyev, Süleyman Həşimzadə sertifikatla təltif olunmuşlar.

2012/13 - cü tədris ilində mərkəzin “Rəsm” studiyasının üzvləri Yaponiyada keçirilən Uşaqların 20 - ci Beynəlxalq Rəsm Müsabiqəsində və Çin Xalq Respublikasının Honq - Konq şəhərində keçirilən Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində iştirak etmişlər.

Bundan əlavə, mərkəzin yetirmələrindən Sadıqova Cahan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən respublika rəsm müsabiqəsində II, Yusifli Leyla, “Yol hərəkəti qaydaları və biz” mövzusunda keçirilən rəsm müsabiqəsində I, Şuvayeva Assol II, “Bədii tikmə” dərnəyinin üzvü Nəsirova Zəri “Dərnək Üzvlərinin Əl İşlərinin Respublika müsabiqəsi”ndə dekorativ tətbiqi sənət nominasiyası üzrə III, “Tarix - Diyarşünaslıq” dərnəyinin üzvü Mustafayev Cavid Respublika Elmi - Texniki Yaradıcılıq Müsabiqəsində III yerləri tutaraq diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Qazandığı nailiyyətlərə görə, “Rəsm” studiyasının üzvü Rəhimov Qüdrət İsmayıl oğlu Respublikanın “İstedad bankı”na daxil edilmişdir.

2013 - cü ildə “Gənc ekoloq” dərnəyinin üzvü Mansurov Mirməhəmməd Xəyal oğlu “Uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi”ndə I yeri tutmuşdur.

 

KEÇİRİLƏN TƏDBİRLƏR

Mərkəzin pedaqoji kollektivi uşaq və yeniyetmələrin yaradıcılıq işlərinə cəlb edilməsi məqsədilə məktələrlə əlaqəni daima artırır, mərkəzə cəlb edilən şagirdlər arasında diskussiyalar aparılır, müxtəlif mövzularda söhbətlər keçirilir, şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün dərnək üzvləri arasında müsabiqələr təşkil edilir. Bundan başqa, mərkəzdə keçirilən tarixi və əlamətdar günlərə həsr olunan tədbir və sərgilər də özünəməxsusluğu ilə hər zaman seçilir.

Mərkəzdə narkomaniyaya qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədi ilə yerli icra hakimiyyəti, polis orqanları və ictimai təşkilatlarla əlaqəli işin təşkili və onlarla birlikdə profilaktik tədbirlərin həyata keçirilməsi ilboyu davam etdirilir və bununla yanaşı “Sağlam həyat tərzi” lektoriyası öz işini günün tələbləri səviyyəsində qurur, Baytarlıq İdarəsi Ekzotik Şöbəsindən əldə edilmiş əyani vəsaitlər uşaqların maarifləndirilməsində böyük rol oynayır. Yeniyetmə və gənclərlə narkomaniya və QİÇS - ə qarşı mübarizə, sağlam həyat tərzi mövzusunda tədbirlər, “Narkomaniya və XXI əsrin yeniyetmələri” mövzusunda rəsm sərgisi, sağlam həyat tərzi layihəsi üzrə “Ekoerudit” Ekoloji Breyn - Rinq bilik yarışları təşkil edilir. Mərkəzdə mütəmadi olaraq müxtəlif mövzularda- Heydər Əliyevin yubileyinə həsr olunmuş “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, M.Ə.Sabirin yubileyinə həsr olunmuş “Məramı dünyada qalan şair”, Mikayıl Müşfiqin yubileyinə həsr olunmuş “Bir şair oğluyam bu  məmləkətin!”, C.Cabbarlının yubileylərinə həsr edilmiş “Mən bir sönməz duyğuyam ki...!,  20 Yanvar faciəsinə həsr olunmuş “Haqq yoludu tutduğumuz yol!”, “Oğru və ağrı!”, ermənilərin tarixən azərbaycanlıların maddi - mənəvi sərvətlərinə sahiblənməsi mövzusunda “VƏTƏN DƏRS”ləri də keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi “Təhsil, zaman və biz” adlı sərgidə yol hərəkəti qaydalarına aid bölmədə mərkəz tərəfindən hazırlanan metodiki tövsiyələr, proqramlar, əyləncəli oyun nümunələri, test çalışmaları, işçi vərəqələri, krossvordlar, labirintlər, müxtəlif yol nişanları və digər vəsaitlər sərgi iştirakçılarının marağına səbəb olmuş, onlara yol hərəkəti qaydalarına aid vəsaitlər paylanmışdır. Bu illər ərzində 200 - ə qədər ümumtəhsil məktəbində və 100 - dən çox məktəbəqədər tərbiyə müəssisəsində yol hərəkəti qaydalarının öyrədilməsi uşaqlarla bağlı bədbəxt hadisələrin faizini aşağı salmışdır.

46 № - li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində fəaliyyət göstərən “Yol polisinin gənc köməkçiləri” komandası AzTV - nin “Səhər”, İTV - nin “Yeni gün” proqramlarında,  ATV-nin “Gün keçir” və “Şən bazar”, SPACE TV - nin “Mən böyümüşəm”, ABA TV - nin “Qoşa xətt” verlişlərində canlı yayımla çıxış etmişlər.

Onu da qeyd edək ki, Bakı şəhər DYP İdarəsi və 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin birgə təsdiq etdiyi tədbirlər planına əsasən hər il küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğunu nəzərə alaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə “Diqqət uşaqlar!” devizi altında təhlükəsizlik aylıqları da keçirilir.