24.04.2014

BEYNƏLXALQ ABİDƏLƏR VƏ TARİXİ YERLƏR GÜNÜ

12 saylı məktəbdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Milli – mənəvi irsimiz bizim tariximizdir” başlığı altında tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın mədəni irsinin müdafiəsinə və tarixi abidələrimizin qorunmasına cəlb etmək olub.

Qeyd edək ki, tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Şövqiyyə Əliyevanın təşəbbüsü ilə Bakıda Şirvanşahlar Saray Kompleksinə, Qobustan Qoruğuna, Qız Qalasına, İçərişəhər Dövlət Tarixi Memarlıq Kompleksinə  ekskursiyalar təşkil  edilib.

Şagirdlər arasında mövzu ilə əlaqədar müsabiqə də keçirilib. Həvəslə müsabiqəyə qatılan şagirdlər abidələrə aid albomlar,  stendlər, muncuqla bəzədilmiş əl işləri, hörmələr, gips və keramikadan nümunələr, slaydlar hazırlayıblar.

Məktəbin XI sinif şagirdi Leyla Bağırlının muncuqdan istifadə etməklə təsvir etdiyi “Qobustan qayalar”ı, V sinif şagirdi İlkin Alpaşayevin gipsdən hazırladığı alt çənə sümüyünün oxşarı tədbir iştirakçılarının marağına səbəb olub. Lahıc, Dəmir qapı Dərbənd və digər mövzulara aid hazırlanan albomlar zənginliyi ilə seçilib.

Təqdim olunmuş işlər qiymətləndirildikdən sonra qaliblərə diplomlar təqdim olunub.