25.04.2014

12 yaşlı Azərbaycan çempionu

Bugünkü qonağımız 5 saylı məktəbin VII sinif şagirdi Məmmədkərimov Orxandır.

Onu sakit təbiəti, gözlərinin içindəki gülüşü və dostcanlılığı ilə hamı sevir. Sinfinin sevimli şagirdlərindəndir. Ancaq nədənsə özü barədə danışmağı xoşlamır. Yəqin elə bu da sakit təbiətindən irəli gəlir. O, susmaqla özündən söz etdirən “qəhrəmanlardandır”.

Məmmədkərimov Orxan Məmməd oğlu 2001 – ci ilin mayın 27 – də Bakıda anadan olub. İdmanın kikboksinq növü ilə məşğuldur. 2013 – cü ilin avqust ayından “Hap - kido” Federasiyasının “Fərhad” klubunun üzvüdür. Məşqçi müəllimi dünya və Avropa çempionu Müşviq Hüseynovdur.

Qəhrəmanımız hər şeylə maraqlanır. Onun maraq dairəsinə dərs, oyunlar, kompüter, mütaliə də daxildir. Bütün bu maraqlarını necə təmin edə bilməsinə gəlincə isə, Orxan vaxt bölgüsünün sistemli aparılması ilə hər şeyi çatdırmağın mümkün olduğunu deyir. Orxan yaxşı rəsm çəkməyi də bacarır. Ancaq anasının dediyinə görə, ailədə müəyyən edilən qrafikə əsasən əyləncələrini tənzimləyir. Valideynləri mütəmadi olaraq Orxanın dərsləri ilə maraqlanır. Sevdiyi fənn isə riyaziyyatdır.

Orxan artıq gələcək üçün də planlar qurur. Bu planların arasında isə gələcəkdə hərbçi olmaq arzusu dayanır.

Orxan o qədər sərbəstdir ki, onda yarışlar zamanı belə qətiyyən həyəcan olmur. Elə bunun nəticəsidir ki, iştirak etdiyi yarışlardan yalnız qələbə ilə ayrılıb.

İndi isə Orxanın nailiyyətləri ilə sizi yaxından tanış edək. Orxan 4 - 6 aprel 2014 – cü il tarixində Şağan Olimpiya İdman Kompleksində kikboksinq idman növü üzrə keçirilən Azərbaycan birinciliyində 60+ kq çəki dərəcəsində I yeri qazanaraq çempion adını qazanıb. Bundan başqa, 2014 – cü ilin fevral ayında Salyanda keçirilən Xocalı soyqırımının 22 – ci ildönümünə həsr olunmuş “Free Fighting” döyüş növləri üzrə açıq birincilikdə 57 kq çəki dərəcəsində, mart ayında Abşeron rayon Xırdalan şəhərində keçirilən “İdman” gününə həsr olunmuş klublararası açıq turnirdə və aprel ayında isə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan kikboksinq üzrə klublararası turnirdə 60 kq çəki dərəcəsində I yerin qalibi olub.

Orxan beynəlxalq müsabiqələrdə də çəkinmədən iştirak edib uğurlar qazanır. Belə ki, 2014 – cü ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən yarışda 60 kq çəki dərəcəsində rəqiblərini məğlub edərək I yerin sahibi olub.

Qeyd edək ki, idmançımız hal – hazırda may ayında Türkiyədə keçiriləcək beynəlxalq yarışa hazırlaşır.

Gənc idmançımıza bundan sonrakı yarışlarda da uğurlar əldə etməyi, həmişə zirvələrdə qalmağı, qələbələrdən ilhamlanaraq irəliləyib dünya çempionu, olimpiya çempionu adını qazanmasını arzulayırıq.