02.05.2014

189 saylı məktəbdə dahi lider anılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi ilə əlaqədar 189 saylı məktəbdə ədəbi – bədii tədbir keçirilib. Məktəbin pedaqoji kollektivi və şagirdlər ulu öndər Heydər Əliyev qarşısında öz borclarını onun xatirəsini uca tutub memarı olduğu müstəqil Azərbaycanı yaşatmaq və inkişaf etdirməklə verirlər.

Tədbirdə məktəbin direktoru Ceyran Quliyeva çıxış edərək Azərbaycan Respublikasının xilaskarı və banisi, ümummilli liderimiz əbədiyaşar Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın hüquqi dövlət quruculuğunda keçdiyi tarixi yol və Azərbaycanın inkişafı sahəsindəki əvəzsiz xidmətləri barədə geniş məlumat verib.

Direktor çıxışı zamanı dünyanın heyrətlər içində izlədiyi, dühasına heyran qaldığı Heydər Əliyevin əsasının qoyduğu siyasətin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də bildirib.

Tədbirdə müstəqil Azərbaycan kimi böyük bir şah əsər yaradan, azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük şəxsiyyət Heydər Əliyevin xalqımız və tarix qarşısındakı xidmətləri barədə slayd nümayiş olunub, Heydər Əliyevin öz səsi ilə söylədiyi Səməd Vurğunun “Azərbaycan” şeirindən bir parça və şagirdlərin ifasında “İnam”, “Ölümə gedəndə”, “Şəhid məzarları”, “Layiqəmmi mən”, “Mən Azərbaycanlıyam!”, “Nəvəm”, “Zərifə sevgisi, Heydər sevgisi”, “Heydər köçdü”, “Sənin yerin görünəcək!” kimi şeirlər səsləndirilib.