23.05.2014

Dünyanın mədəniyyət rəngləri

Mayın 22 – də Beynəlxalq Muğam Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Ümumdünya Biomüxtəliflik Gününə həsr olunan Bakı şəhər Uşaq və Gənclər Yaradıcılıq Mərkəzləri arasında keçirdiyi “Dünyanın mədəniyyət rəngləri” adlı dünya dövlətlərinin milli kuklalarının (əl işləri) və bədii kompozisiyanın hazırlanması üzrə yarışmanın açılış mərasimi olub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov,  YUNİSEF – in Azərbaycandakı rəsmi nümayəndəliyinin rəhbəri Mark Hervord, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin əməkdaşları, təmsil olunan 12 dövlətin Azərbaycandakı səfirliklərinin nümayəndələri, millət vəkilləri və Bakı şəhəri üzrə icra nümayəndələri iştirak edib.

Qeyd edək ki, 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təşkil edilən yarışmanın əsas məqsədi uşaqları dünya xalqlarının mədəniyyətləri, adət və ənənələri, ədəbiyyatları, musiqiləri ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hisslərini aşılamaqla istedadlıları üzə çıxarmaq, uşaqları sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaqla bağlı maarifləndirməkdir.

Yarışmanın açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından danışıb. YUNİSEF - in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord isə çıxışı zamanı tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Yarışmada Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan Nəsimi, Sabunçu, Yasamal, Səbail, Binəqədi, Xətai, Nərimanov, Qaradağ, Xəzər, Suraxanı, Pirallahı və Nizami rayonlarının Uşaq və Gənclər Yaradıcılıq Mərkəzləri iştirak ediblər. İştirakçılar müvafiq olaraq Türkiyə, Böyük Britaniya, Hindistan, Gürcüstan, Özbəkistan, İran, İspaniya, Rusiya, İtaliya, Tatarıstan, Yunanıstan və Hollandiyanın nağıllarını təqdim ediblər. Azərbaycanlı uşaqlar həmin dövlətlərdə yaşayan xalqların milli rəqslərini ifa edərək tədbirə daha da rəngarənglik qatıblar.

Tədbirdə “Heydər Əliyev və uşaqlar”, “22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür”, “Biz birlikdəyik” adlı videoçarxlar da nümayiş olunub.

Qeyd edək ki, yarışmanın yekun konserti və qaliblərin mükafatlandırılması mayın 26 - da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.