23.05.2014

Sınaq qiymətləndirilməsi ilə bağlı müəllimlərlə görüşlər başa çatmışdır

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı hazırlıqlar davam etdirilir.

Bu məqsədlə Bakının 12 rayonunda keçirilməsi nəzərdə tutulan görüşlər artıq yekunlaşmışdır.

Hazırlıqların tərkib hissəsi olan görüşlərdə Səbail, Yasamal, Xətai, Suraxanı, Sabunçu, Pirallahı, Nərimanov, Xəzər, Nəsimi, Nizami, Qaradağ və Binəqədi  rayonları ümumtəhsil məktəblərində çalışan  müəllimlər iştirak etmişdir.

Bakı şəhəri dövlət ümumtəhsil məktəblərində 19 - 24 may tarixlərində  baş tutan görüşlərdə müəllimlərin sualları operativ olaraqBakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi nümayəndələri tərəfindən cavablandırılmış, sınaq qiymətləndirilməsinin məqsəd və mahiyyəti barədə məlumat verilmiş və bu mövzuda çıxan problemlərə fərdi yanaşılmışdır. 

Sınaq qiymətləndirilməsi ilə bağlı görüşlərdə müəllimlər əsasən sualların necə olacağı, qoşa fənlərdən dərs deyən müəllimlərin hansı fəndən qiymətləndirmədən keçəcəkləri, nəticələrin necə elan olunacağı, qiymətləndirmədən sonra nəticəsi yüksək olan müəllimllər üçün stimullaşdırıcı tədbirlərin nədən ibarət olacağı, qiymətləndirmədə zəif nəticə göstərən müəllimlər üçün kursların necə təşkil ediləcəyi ilə maraqlanıblar. 

Qeyd edək ki, müəllimləri maraqlandıran suallar 19 - 23 may tarixlərində BŞTİ – nin rəsmi “Facebook” səhifəsində də cavablandırılmışdır.