23.05.2014

“Cırtdan” növü üzrə yarış başa çatıb

21 may 2014-cü il tarixində 18 saylı tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan "Cırtdan" növü üzrə yarış keçirilmişdir. Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi, XXVI spartakiadanın baş katibi iştirakçıları salamlamış və onlara müvəffəqiyyətlər arzulamışlar.

İbtidai sinif şagirdləri arasında yarış 5 növ üzrə - kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə keçirilmişdir. Yarışın nəticəsinə görə, I yeri Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin komandası, II yeri Qaradağ rayonu 288 nömrəli tam orta məktəbin komandası, III yeri Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandası tutmuşlar.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), basketbol (qızlar və oğlanlar), mini-futbol və "Cırtdan" növləri üzrə yarışlarından sonra Nizami rayonu 43 xalla I, Nərimanov rayonu 46 xalla II, Qaradağ rayonu isə 49 xalla III yerin qalibi olmuşlar.