26.05.2014

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda seminarlar keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində seminarlar keçirilir. Mart ayından başlayan seminarlar may ayının 30 – dək davam edəcəkdir.

Qeyd edək ki, Bakı şəhəri ərazisində fəaliyyət göstərən 475 ümumtəhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 20120 XI sinif şagirdinə may ayının 30 - dək 272 dərs keçiriləcəkdir. Bu günə qədər Bakı şəhəri üzrə 19770 şagird üçün artıq 269 seminar təşkil edilib.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə 220 müəllim məşğul olur. Dərslərin tədrisi üçün Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 26 lektoriya zalı ayrılıb.

Qeyd edək ki, bu dərslərin təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasından ibarətdir. Həmçinin məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu seminarlar şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

Seminarlarda məruzə ilə çıxış edən müəllimlər ölkəmizin tarixi inkişaf prosesinə təkan verən ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rolu barədə məlumat vermişlər. “Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi siyasəti”, “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” və digər mövzularda danışan məruzəçilər ulu öndərin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğunu bir daha şagirdlərin diqqətinə çatdırmışlar.