15.06.2014

“Uşaqları yol qəzalarından qoruyaq!”

Uşaqların Beynəlxalq Müdafiə Günüilə bağlı 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi Bakı şəhər DYP İdarəsi ilə birgə NİSSAN avtomobillərinin Azərbaycanda rəsmi distribütoru “Nurgün Motors”un təşkilati dəstəyi ilə uşaq avtoşəhərciyində “Uşaqları yol qəzalarından qoruyaq!” devizi altında tədbir keçirib. Bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şarlar və güllərlə bəzədilmiş mərkəzin uşaq avtoşəhərciyində uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr nümayiş etdirilib. Bayramsayağı geyinmiş uşaqlarla interaktiv, öyrədici, hərəkətli və didaktiv oyunlar keçirilib. Balaca rəssamlar molbert və asfalt üzərində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda rəsmlər çəkib, “Folklor”, “Ədəbi-Diyarşünaslıq”, “Milli rəqs”, “Dram”, “Debat”, “Nağıl və debat”, “Gənc yol polisləri”, “Erudit”, “Musiqisevərlər” dərnəklərinin üzvləri istedad və bacarıqlarını göstərib, geniş konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai və Binəqədi rayonlarının  9, 13, 21, 28, 33, 34, 36, 42, 44, 45, 46, 47, 94, 116, 126, 151, 152, 258, 160, 164, 189, 245 və s. nömrəli məktəblərindən yüzdən çox uşaq iştirak edib. KİV nümayəndələrinin iştirakı ilə maarifləndirici aksiya və brifinqin də keçirildiyi tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub.