18.06.2014

Türk Dünyası Bilik Olimpiadası yekunlaşıb

Türkiyənin Әskişəhər şəhərindəki Osmanqazi Universitetində şagirdlər arasında keçirilən Türk Dünyası Bilik Olimpiadası yekunlaşıb. Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan və bu formatda ilk dəfə olaraq keçirilən olimpiadada 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Guzey Kipr Türk Cumhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edib.

Qeyd edək ki, Azərbaycan bu olimpiadada üç şagirdlə - Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədov və Hüseyn Әsədov (müəllim Həsən Qaralov) və Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) ilə təmsil olunub. 

Olimpiadada iştirak üçün 1000 layihə təqdim olunub. Onlardan yalnız 100-ü iştirak hüququ qazanıb. Münsiflər heyəti layihələri qiymətləndirərək qalibləri müəyyənləşdirib. Qaliblər iki  - yeni elmi ideya və insanların istifadə etdiyi bir əşyanı daha mükəmməl formaya salmaq nominasiyaları üzrə seçiliblər. 

Yeni elmi ideya nominasiyası üzrə I yeri Türkiyə, II yeri Qazaxıstan, III yeri Azərbaycan şagirdi tutub. Bununla, Azərbaycanı təmsil edən Elçin Məmmədovun yazı yazan robot modeli qaliblər sırasına düşüb. 

Sonda qaliblərə diplom və pul mükafatları təqdim edilib.