19.12.2017

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qaydalarına əsasən, məktəb mərhələsində Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan, müxtəlif əsərləri mütaliə edən şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırır, təəssüratlarını qısa qeyd edirlər. Məktəb mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən ən çoxu 3  nəfər şagird seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında təşkil olunur. Şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilən müsabiqədə iştirak könüllü xarakter daşıyır.

Müsabiqənin rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin rayon (şəhər) mərhələsində tapşırıqların icrasına 3 saat vaxt ayrılacaq. Cavablar  müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar. Sonda inşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunacaq.

Müsabiqədə I, II, III yerlərin qalibləri Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcək.


Açar sözlər: ,  ,  ,