15.12.2017

Məktəblilər elmi-tədqiqatlara cəlb olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

Bakı Ali Neft Məktəbində (BANM) keçirilən tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BANM-ın rektoru Elmar Qasımov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanmış məktəblərin komandaları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə şagirdlər ali məktəblə yaxından tanış olublar. Məktəblilərə BANM-ın fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Onlar universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıq və cihazlarla əyani şəkildə tanış olmaq imkanı da qazanıblar.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. İlk olaraq BANM-ın rektoru Elmar Qasımov final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. Rektor bu cür müsabiqələrin keçirilməsinin şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların texniki fənlərə marağının daha da artırılmasında və təlimə motivasiyasının yüksəldilməsində mühüm rol oynadığını bildirib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva universitetin rəhbərliyinə və kollektivinə müsabiqənin final mərhələsinin təşkilində yaradılan şəraitə görə təşəkkürünü bildirib. İdarə müdiri müsabiqənin məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanan Yasamal rayonu 286, Nərimanov rayonu 177, Binəqədi rayonu 182, Nəsimi rayonu 35, Qaradağ rayonu 180, Xəzər rayonu 156, Suraxanı rayonu 104, Pirallahı rayonu 168, Sabunçu rayonu 72 və 108, Xətai rayonu 204 və 249, Nizami rayonu 70 və 109  nömrəli tam orta məktəblərin və Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandaları 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Həmçinin, məktəblilər BANM-ın elmi-tədqiqat laboratoriyalarında təcrübə işi aparıb, nəzəri biliklərin praktik tətbiqi sahəsində özlərini sınayıblar.

Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Final mərhələsinin nəticəsinə əsasən, qaliblər müəyyənləşdiriləcək.


Açar sözlər: ,  ,