06.03.2019

Gənc kimyaçılar final mərhələsində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

Bakı Ali Neft Məktəbində (BANM)  təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, BANM-ın rektoru Elmar Qasımov, idarənin struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan məktəblərin komandaları və KİV nümayəndələri iştirak ediblər.

Öncə qonaqlar, komanda üzvləri və onların rəhbərləri universitetin auditoriyaları, elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazlarla əyani şəkildə tanış olub, ali məktəbin fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumatlar əldə ediblər.

Daha sonra 15 komanda ümumi təhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq  2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni  və  1 təcrübə  işini  yerinə yetiriblər.

Müsabiqənin final mərhələsi ilə bağlı təşkil olunmuş tədbiri giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. E.Qasımov belə müsabiqələrin şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlimdə motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib.

Sonra çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev BANM-ın rəhbərliyinə və kollektivinə müsabiqənin final mərhələsinin keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

R.Tağıyev müsabiqənin məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə IX, X və XI sinif şagirdləri arasında təşkil edildiyini söyləyib.

İdarə müdiri onu da qeyd edib ki, müsabiqənin final mərhələsində təcrübə işinin yerinə yetirilməsi məktəblilərin tədqiqat işlərinə marağının artırılması və ali təhsil müəssisələrinin təcrübə imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaradılmasında mühüm əhəmiyyətə malikdir.

Müsabiqədə Nəsimi rayonu üzrə 42, Sabunçu  rayonu üzrə 72, 271, Xəzər rayonu üzrə 117, Suraxanı rayonu üzrə 146, Yasamal rayonu üzrə 153, Binəqədi rayonu üzrə 244, Nizami rayonu üzrə 229, Qaradağ rayonu üzrə 228, Nərimanov rayonu üzrə 45, Səbail rayonu üzrə 236, Pirallahı rayonu üzrə 243, Xətai rayonu üzrə 55, 116 nömrəli tam orta məktəblərin və 287 nömrəli “Zəkalar” liseyinin komandaları müvəffəqiyyət qazanaraq III mərhələdə iştirak etmək hüququ qazanıblar.

Daha sonra 15 komandanın tərkibindəki finala vəsiqə qazanmış 45 şagirdə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin final mərhələsində doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndiriləcək. Ekspert qrupları tərəfindən müsabiqənin nəticələri təhlil ediləcək, qalib komandalara BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

Sonda BŞTİ-nin müdiri Rəşad Tağıyev Bakı Ali Neft Məktəbinin Fəxri Qonaq Diplomu ilə təltif olunub.