03.11.2017

Qrant müsabiqəsi üzrə qalib layihələr

“Məktəb - icma münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi”

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi, təhsildə idarəetmənin ictimailəşdirilməsi prosesi sürətlənməkdədir. Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin (“Valideyn icmaları”, “Qəyyumlar şurası”, “İctimaiyyət”) cəlb olunması idarəetmənin keyfiyyətini və səmərəliliyini artırır.

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələrək ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, BMT-in ratifikasiya olunmuş “Ailə öhdəlikləri olan işçilər haqqında Konvensiya”sına uyğun olaraq, işləyən valideynlərin uşaqlarının təlimi ilə məşğul olması dəstəklənəcəkdir.

 

Bakıdakı 232 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə “Məktəb - icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Məktəb-icma klubu”nun yaradılması layihəsinin qalibi olub. 

 

Layihənin məqsəd və vəzifələri:

 

1. Uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması və tətbiqi;

 

2. Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi;

 

3. Məktəb və icmanın maraqlarının uzlaşdırılması, əlaqələrinin möhkəmləndirilməsi, icma üzvlərinin məktəbdə gedən proseslərlə tanış edilməsi, onların məktəbə etibarını və etimadını artırmaq üçün “Məktəb-icma klubu”nun yaradılması.

 

Məktəb-valideyn münasibətləri birbaşa şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amildir. Valideyn təhsilə, məktəbə pozitiv münasibət bəsləməklə, övladı üçün əlverişli təhsil mühiti yaratmaqla şagirdin nailiyyətinin yüksəldilməsinə birbaşa təsir göstərir.

 

Layihənin tədbir planında məktəb-icma münasibətlərinin möhkəmlənməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur və keçirilən bir neçə maraqlı tədbir haqqında məlumatı paylaşmaq istərdik.

 

Oktyabrın 14-də 232 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə qalib olduğu “Məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi” layihəsi çərçivəsində yaradılmış “Məktəb-icma klubu”nun “Məktəb-məzun-icma əməkdaşlığı” adlı ilk iclası keçirilib. 

 

İclasda müəllimlər, valideynlər, orta məktəbin şagird və məzunları, layihənin idarə heyətinin üzvləri iştirak ediblər. 

 

Tədbirdən əvvəl qonaqlar məktəb dəhlizində şagirdlərin əl işləri ilə bəzədilmiş masalar, şəhidlərdən və milli dəyərlərdən bəhs edən guşələr, lövhələr, uşaqların çıxışları, rəsm çəkən şagirdlər ilə tanış olublar. 

 

Tədbir uşaq birliyinin rəhbəri Mədinə İsgəndərovanın təşkilatçılığı, Leyla Orucəliyevanın rəhbərliyi ilə 2 və 3-cü sinif şagirdlərinin ifasında Dövlət himninin oxunması ilə açıq elan edildi, 8-ci sinif şagirdi Nigar Quliyevanın skripka ifası ilə davam etdi. Aparıcılar Murad Əliyev və Adilə Zeynallı qonaqları məktəbin az bir zaman ərzində keçirdiyi uğurlu layihələr və imza atdığı uğurlar barəsində məlumatlandırdılar. Layihədə ekspert və təlimçi qismində iştirak edən Elxan Bəylərov “Məktəb-icma əməkdaşlığı”, “Layihənin məzmunu, strukturu, icra planı”, “Şagirdlərin peşə seçiminə dair məsələlər”, “Şagirdlərin intellektual inkişafında Məntiq-zəka oyunları laboratoriyasının əhəmiyyəti” adlı təqdimatlarla çıxış etdi. 

 

Təqdimatlardan sonra məzun və valideynlər öz təklif və tövsiyələri ilə çıxış etdilər. Valideynlər Zamin Poladov, Gözəl Məsimova, Nəzakət Hüseynova, Nəsib Kərimov məktəbin idarə olunmasında fəal iştirakına görə təşəkkürnamə ilə təltif olundular. Sonda məktəbin 659 balla ATU-ya daxil olan builki məzunu Ləman Absalamova məktəbə, müəllimlərə təşəkkürünü bildirdi.

 

Ümumi iclasdan sonra “Məktəb-icma klubu”nun üzvləri gələcək fəaliyyət planını müzakirə edərək qəbul etdilər. 

 

Oktyabrın 22-də isə layihənin icra planındakı növbəti tədbir keçirilib. Tədbir Tarix muzeyindən başlayıb, filarmoniya və filarmoniya bağının gəzintisi ilə davam edib, incəsənət muzeyinə səfər ilə yekunlaşıb. Əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən İncəsənət muzeyində İncəsənət Gimnaziyasının müdiri Aytən Əhmədovanın rəhbərliyi altında şagirdlərin konserti, muzey bələdçilərinin ustad dərsləri və bələdçi rəhbərliyi ilə sərgi gəzintisi olub. Səfər nəticəsində iştirakçılar eksponatlara böyük maraq göstərib, Azərbaycan tarixi haqqında faktlarla tanış olub, estetik cəhətdən zənginləşiblər. Konsert zamanı uşaqların (ilk dəfə dinlədikləri klassik musiqi nümunələri, canlı gördükləri bəzi musiqi alətləri) dinləmə mədəniyyəti Aytən Əhmədova tərəfindən təqdir olunub. Səfərin psixoloji, estetik, mədəni təsiri bir neçə saat içərisində öz təsirini göstərib. Ustad dərslərində uşaqların davranışı, əməkdaşlığı, dinləmə mədəniyyəti gözlə görüləcək dərəcədə dəyişib. Səfərdə bir fiziki qüsurlu Sübhan adlı şagirdin bütün şagirdlər tərəfindən bərabərliyi, hər kəslə bərabər fəaliyyəti təmin edilib və bu yaxşı mənada iştirakçıların diqqətini cəlb edib. Sübhanın konsert zamanı nəzarət olunmadan özünü idarə etməsi, hər kəslə bərabər ifası, ustad dərsi zamanı düzəltdiyi, rənglədiyi işin sevincini yaşaması bu növ fəaliyyətlərin uşaqlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu əyani şəkildə nümayiş etdirib. 

 

Konsertin sonunda ekspromt olaraq Müslüm Maqomayevin “Azərbaycan” mahnısı solist və şagirdlərlə bərabər xorla ifa edilib.

 

Bahar BƏYLƏROVA-ƏLƏKBƏROVA, 

Təhsil İnstitutunun “Psixologiya və yaş fiziologiyası” şöbəsinin baş elmi işçisi, dissertantı, layihənin koordinatoru 

 

 


 

Şagirdin gündəlik fəaliyyəti izləniləcək

 

“Ümumi orta təhsil səviyyəsində meyarəsaslı qiymətləndirməyə fənlər üzrə kompleks yanaşma”

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində dəstəklənən layihələrdən biri də Səbail rayonunda yerləşən 163 nömrəli tam orta məktəbin layihəsidir. Layihə “Ümumi orta təhsil səviyyəsində meyarəsaslı qiymətləndirməyə fənlər üzrə kompleks yanaşma (V-IX siniflər)” mövzusuna həsr olunub. Layihə şagirdin gündəlik təlim fəaliyyətinin daim izlənməsinə xidmət məqsədi ilə icra edilir. Bu izləmələr şagirdin gündəlik təlim nəticələrinə nail olması və nəticədə yekun qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. 

 

Layihənin məqsədi V-IX siniflərdə tədris olunan bütün fənlər üzrə tətbiq olunacaq kurikulum standartlarının məqsədlərinə uyğun qiymətləndirmə meyarlarının hazırlanması və ekspert müəllimlər tərəfindən Səbail rayonunun məktəblərinin fənn metodbirləşmə rəhbərlərinə meyarəsaslı qiymətləndirmə ilə bağlı maarifləndirici təlimlərin keçirilməsi ilə formativ qiymətləndirmənin formallıqdan çıxarılmasından ibarətdir.

 

Məlumdur ki, formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Formativ qiymətləndirmə şagirdin fənn standartlarının reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. Formativ qiymətləndirmənin nəticələri müəllimin formativ qiymətləndirmə üçün qeydiyyat dəftərində və şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur. Bütün sadalananlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.05.2011-ci il tarixli, 736 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları” ilə uzun illər öncə təsdiq olunsa da, hələ də tədris prosesində reallaşmır. Əfsuslar olsun ki, müəllimlər meyar dedikdə nə nəzərdə tutulduğunu dəqiqləşdirə bilmirlər. Şagirdlərin məktəbli kitabçalarında “Yetirir”, “Yetirmir”, “Bacarır”, “Bacarmır”, “Zəif mənimsəyib”, “Mənimsəməyib”, “Anlamaqda çətinlik çəkir”, “Müəllimin köməyi ilə anlayır” kimi anlayışları valideynlər özləri belə anlamaqda çətinlik çəkirlər. Abstrakt ifadələrdən şagirdin nəyi bilib-bilməməsi, nailiyyət səviyyəsi anlaşılmır. Digər tərəfdən, şagird ölçüləcək standartın hansı meyarlara əsasən qiymətləndiriləcəyini bilmədiyi üçün çətinliyə düşür. Müəllimlər formativ qeydiyyat dəftərinə nə meyar qeyd edəcəyini bilmədiyi üçün formativ qeydiyyat dəftəri formal olaraq qalır. Ya onu tutmur, ya da anladıqları kimi şərti şəkildə tuturlar. Çox vaxt onlar formativ qiymətləndirmənin mahiyyətini anlamadıqları üçün bu meyarların gərəksiz olduğunu, summativdə heç bir rol oynamadığını düşünürlər. Belə olan halda şagirdin fəaliyyəti 6 həftəyədək izlənilməmiş qalır və müəllimlər, demək olar ki, yalnız summativ qiymətləndirməni keçirirlər. Bu isə qiymətləndirmə qaydaları haqqında bütün təlimatlara zidd olaraq yalnız qanunun kağız üzərində qalmasından ibarət olur. Summativdə aşağı nəticə göstərən şagird “Bu bizə keçilməmişdi”, “Bənzər tapşırıq heç vaxt verilməyib”, “Bizə belə bacarıqlar aşılanmayıb” dedikdə müəllimin haqlı olub-olmamasını müəyyənləşdirəcək bazanın, gündəlik qeydiyyatın olmaması məktəb rəhbərliyinin də işini çətinləşdirir. Müəllim, əlbəttə ki, bu qeydiyyatı aparmaqdan boyun qaçırmır, sadəcə, bunu necə edəcəyini, hara nə qeyd etməli olduğunu, məqsədəuyğun meyarı necə çıxarmalı olduğunu bilmir. Müəllimlərin əlində fənlər üzrə meyarlar mövcud olsa, onlar bu anlaşılmazlıqları aradan qaldıra, qiymətləndirməni obyektiv apara bilər.

 

Layihə çərçivəsində 14 fənn üzrə hazırlanan meyarlar üzərində işçi qrup gərgin iş aparır. İşçi qrupun fəaliyyətinin nəticəsində qrant hesabına vəsaitlər çap olunacaq. Həmin vəsaitlər təlimlərdə iştirak edən fənn üzrə metodbirləşmə rəhbərlərinə paylanacaq. Metodbirləşmə rəhbərləri vəsait əsasında kafedranın müəllimlərini təlimləndirəcək. Bununla da bütün Səbail müəllimləri standartlar üzrə hazırlanmış qiymətləndirmələrdən istifadə edəcəklər. 

 

Sevil CAVADOVA

Bakı şəhəri 163 nömrəli tam orta məktəbin direktoru 

 


Açar sözlər: