15.12.2017

Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində dəstəklənən 120 layihənin 32-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində icra edilir. Həmin layihələrin 15-i ümumi təhsil müəssisələri, 17-si fərdi kateqoriya üzrə qalib layihələrdir. Layihələr 3-12 ay müddətində icra ediləcək.

BŞTİ-nin tabeliyindəki məktəblərdə hazırda müxtəlif mövzuları əhatə edən layihələrin icra olunması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Konfrans, “dəyirmi masa”, seminar, mühazirə, “açıq dərs” və görüşlər, şagirdlərin qarşılıqlı səfərləri təşkil edilir. 

Layihələrin həyata keçirilməsi, ilk növbədə, məktəb mühitində canlanma yaradır. İndi hər kəs ideya və əməyə görə dəyərləndirməni daha real görür, həm ümumi təhsil müəssisələri, həm də ayrı-ayrı müəllimlər dövlət dəstəyini daha yaxından hiss edir. Bundan başqa, məktəblər və müəllimlər arasında sağlam rəqabət mühiti möhkəmlənir, yeni ideyaların axtarışı istiqamətində işlər genişlənir. 

“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində reallaşdırılan layihələrin uğurları yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır. Xüsusilə qeyd olunmalıdır ki, görülən işlərdən şagirdlər də örnək alır. Bu da onların gələcək nailiyyətlərinə müsbət təsir göstərir.

 

Şagirdlərin nitq qüsurlarını aradan qaldırmaq üçün kompleks tədbirlər həyata keçirilir

 

Məktəblilərin nitqinin inkişaf etdirilməsi istiqamətində iş aparılır. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 250 nömrəli tam orta məktəb tərəfindən “Uğur sənin nitqindədir” layihəsi həyata keçirilir. Layihə “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə dəstəklənib. Sentyabrın 22-də start verilən layihənin icra müddəti 3 aydır. 

 

Nitq qüsurlarını yaradan amillər

 

Məktəblilərin nitqinin formalaşmasına müxtəlif amillər təsir edir. Bu amillərin arasında ümumi təhsil müəssisələrinin xüsusi rolu var. Məktəblərdə şagirdlərin nitqinin inkişafı ayrı-ayrı fənlərin, xüsusilə Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi ilə bağlıdır. Təcrübəyə əsasən deyə bilərəm ki, bəzi şagirdlər çox asta danışır, bir qismi auditoriya qarşısına çıxmaq istəmir. Bu kimi hallar onların nitqində qüsurlar əmələ gətirir. 

Təəssüf ki, vaxtında müdaxilə edilməyən belə qüsurlar sonradan vərdiş halını alır. Nəticədə şagirdlər ünsiyyətdən çəkinirlər. Onların bəziləri hətta “Niyə ünsiyyət qurmursan”, “Niyə dostun yoxdur” suallarına “Söhbət etməyə adam tapmıram”, “Heç kimə etibar etmirəm”, “Nə haqqında danışacağımı bilmirəm” kimi cavablar verirlər. 

Aparılan müşahidə və araşdırmalar göstərir ki, şagirdlərin nitqinin səlis olmaması gələcəkdə onların həyatında dərin psixoloji sarsıntılar əmələ gətirir. Məktəblilərdə yeniyetməlik dövründə natamamlıq kompleksi yaranır. Bəzən belə problemlərlə rastlaşan müəllimlər məktəb psixoloquna müraciət etsələr də, 1 nəfər bu işin öhdəsindən gələ bilmir. 

 

Şagird və valideynlər üçün təlimlər

 

“Uğur sənin nitqindədir” layihəsi məktəblilərin nitq qüsurlarının aradan qaldırılmasına kompleks yanaşmanı ortaya qoyur. Layihənin əsas məqsədi şagirdlərdə özünü ifadəetmə qabiliyyəti formalaşdırmaq, komplekslərdən azad etmək, ana dilində düzgün, aydın, yığcam, səlis danışmaq vərdişləri yaratmaqdır.

Layihə çərçivəsində psixoloq tərəfindən hazırlanmış meyarlar əsasında şagirdlərin nitq problemləri və yaranma səbəbləri aşkarlanır. Bu çatışmazlıqlar barədə valideynləri maarifləndirmək üçün seminarlar təşkil olunur. Məktəbliləri komplekslərdən azad etmək məqsədilə treninq və art-terapiyalar keçirilir. Nitq təlimçisi xüsusi təlimlər təşkil edir. Tədbirlər hər həftənin şənbə günü 250 nömrəli tam orta məktəbdə keçirilir. 

 

Komplekssiz, səlis danışan məktəbli

 

Dekabrın 22-də layihə ilə əlaqədar hesabat xarakterli tədbir təşkil olunacaq. Lakin sonrakı mərhələlərdə də layihədə iştirak edən şagirdlərin dərslərdə və məktəbdə keçiriləcək tədbirlərdəki çıxışları, bu sahədəki nailiyyətləri izləniləcək. Onların əldə etdikləri uğurlara dair videoçarxlar çəkilərək məktəb saytında yerləşdiriləcək.
Ümumilikdə, layihənin nəticəsi olaraq komplekssiz, səlis nitqə malik, bu məsələyə dair müsabiqə və tədbirlərdə könüllü iştirak edərək uğur qazanan şagirdlərin yetişəcəyi gözlənilir.

 

Könül ƏLİYEVA,

250 nömrəli tam orta məktəbin müəllimi