20.06.2019

Layihə çərçivəsində şagirdlərlə görüş

“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində görüş keçirilib.

Görüşdə Təhsil Nazirliyinin Təhsildə İnnovasiyalar sektorunun müdiri Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva, Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov, məktəblilər və digər qonaqlar iştirak edib.

Görüş Təhsil Nazirliyi, “Məktəblinin dostu” və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edənlər məktəblilərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi, sahibkarlıq sahəsində uğurlu karyera qurmağın yolları, tibb sahəsində baş verən innovasiyalar, incəsənət sahəsində kreativ düşüncənin önəmi, kənd təsərrüfatında həyata keçirilən islahatlar barədə ətraflı məlumat veriblər. Həmçinin seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirmək, şagirdlərin ixtisas seçimində fərdin qabiliyyət və bacarığının vacibliyi ön plana çəkilib.

Bildirilib ki, Şevron Xəzər şirkətinin maliyyə dəstəyi ilə icra olunan “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin əsas məqsədi şagirdləri karyera seçiminə daha məqsədyönlü yanaşmanı öyrətmək, onları dəyişən əmək bazarı və yeni peşələr ilə tanış etmək, mümkün karyera və iş imkanları barədə maarifləndirməkdən ibarətdir.

Qeyd edək ki, 2015-ci ildən həyata keçirilən layihəyə ümumilikdə 1 750 şagird cəlb olunub. 2018-2019-cu tədris ilində “Məktəblinin dostu” layihəsi ilə birgə icra olunan “Məqsədli karyera” mövzusunda keçirilən təlimlərdə 13 ümumi təhsil müəssisəsindən (277, 177, 95, 14, 61, 3, 47, 45, 272, 189-190, 19, 158, 57 nömrəli məktəblər) 500 şagird iştirak edib.