Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə” 09 avqust 2019-cu il tarixli F-489 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.“2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə” 09 avqust 2019-cu il tarixli F-489 nömrəli əmr  rəhbərlik və icra üçün qəbul edilsin.

2. 2019-2020-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət   göstərən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilsin.

3. Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili ilə əlaqədar tədbirlərin həyata keçirilməsi və Sistemin idarəolunması üzrə administratorluq hüququ İnformasiya təminatı sektoruna (N.Ağayev) həvalə edilsin.

4. Məktəbəhazırlıq qruplarına uşaqların elektron qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək aparılsın.

5. İnsan resursları sektoru (R.Məmmədov) məktəbəhazırlıq qruplarına müəllimlərin müəyyən edilmiş meyarlara uyğun olaraq seçilməsini nəzarətdə saxlasın.

6. İnformasiya təminatı sektoru (N.Ağayev) 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq təhsilinin təşkil edilməsi məqsədilə qrupların sayı barədə məlumatı Maliyyə və mühasibatlıq, Təminat və təchizat sektorlarına təqdim etsin.

7. Ümumi təhsil sektoru (S.Bektaşi) məktəbəhazırlıq qrupları təşkil edilən ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin yaradılmasını nəzarətdə saxlasın.

8. İnsan resursları sektoru (R.Məmmədov) və İnkişaf layihələri sektoru (A.Əzizov) məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun öyrədici təlimlərin təşkili üçün müvafiq tədbirlər həyata keçirsinlər.

9. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) məktəbəhazırlıq təhsilinin təşkili üçün  tələb olunan tədris resurslarının vaxtında ümumtəhsil müəssisələrinə çatdırılması ilə bağlı aidiyyəti tədbirlərin görülməsini təmin etsin.

10. Bakı şəhərində yerləşən məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilsinlər.

11. Məktəbəhazırlıq qrupları təşkil olunacaq ümumtəhsil məktəblərinin direktorlarına tapşırılsın:

11.1. Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun sentyabrın 2-dən 27-dək  aparılmasını təmin etsinlər;

11.2. Yaşayış məntəqələrində məktəbəhazırlıq yaşına çatmış uşaqların sayı müəyyən edilmiş normadan az olduğu halda, həmin uşaqların məktəbəhazırlıq təhsilinə cəlbi üçün Bakı Şəhəri üzrə Təhsil İdərəsinə əsaslandırılmış məlumat təqdim etsinlər.

12. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet saytında yerləşdirilməsini, elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin  məlumatlandırılmasını təmin etsin.

13. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.

14. Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə” 09 avqust 2019-cu il tarixli F-489 nömrəli əmri

 

 

 

         Nərgiz Səfərova,

        Bakı  Şəhəri  üzrə Təhsil 

        İdarəsinin  müdir  müavini, müdir

                          səlahiyyətlərini  müvəqqəti  icra  edən

                                                                             26 avqust 2019-cu il

                                                                                        № F-311