Xüsusi təhsil haqqında anlayışlar

 

  • Sağlamlıq imkanları məhdud şəxs (SİM) - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxsdir.
  • Xüsusi təhsil - xüsusi şərait yaratmaqla səğlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsilidir.
  • Xüsusi şərait - sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətləri alması üçün yaradılmış şəraitdir.
  • Fiziki çatışmazlıq - insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və ya yoluxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıqdır.
  • Psixi ləngimə - psixi inkişafın ləngiməsi, o cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm
  • Mürəkkəb çatışmazlıq - fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusudur.
  • Əqli çatışmazlıq - mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıqdır.
  • Ağır çatışmazlıq - dövlət təhsil (xüsusi təhsil) standartlarına uyğun təlimi qeyri-mümkün edən fiziki, əqli və (və ya) psixi ləngimənin qanunvericiliklə müəyyən olunmuş yüksək dərəcəsidir.
  • Xüsusi təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış təhsil müəssisəsidir.
  • Xüsusi təhsil bölməsi - sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün ümumi təyinatlı təhsil müəssisəsində yaradılmış struktur bölmədir.
  • İnteqrasiya təlimli təhsil müssisəsi - sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil almasçı üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı təhsil müəssisəsidir.
  • Evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil müəssisəsinin pedaqoji işçiləri vasitəsilə tədris proqramlarını evdə mənimsəməsidir. Evdə  tədrisə cəlb olunma, evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına və uşağın faktiki vəziyyətinə uyğun olaraq PTPK qərarına əsasən həyata keçir.  
  • İnklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsidir.
  • Stasionar şəraitdə təhsil - Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, zəruri sənədlərə əsasən, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq tədris proqramlarına uyğun təhsil almalarını təşkil edilməsidir.
  • Psixoloji-tibbi-pedaqoji komissiya (PTPK) - uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparır, sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq edir və ya dəyişdirir. Bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə, həmçinin buraxılış imtahanlarından azad olunması barədə qərar qəbul edir, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verir.