Sual: Xüsusi təhsil müəssisələrinə qəbul necə həyata keçirilir?
Cavab: Xüsusi təhsil müəssisələrinə sağlamlıq imkanları məhdud uşaqların qəbulu Psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən təsdiq olunmuş qərar əsasında həyata keçirilir.
 
Sual: Xüsusi təhsil müəssisələrində dərs müddəti nə qədərdir?
Cavab: Xüsusi təhsil müəssisələrinin I siniflərində dərs müddəti 35 dəqiqə, digər siniflərdə isə 45 dəqiqədir.
 
Sual: Valideyn 9 yaşlı övladını xüsusi təhsil məktəblərində təhsilə cəlb edə bilərmi?
Cavab: Xüsusi təhsil müəssisələrinin I sinfinə qəbul edilmiş şagirdlərin yaş həddinin ümumi təhsil məktəbləri üçün müəyyən olunmuş yaş həddindən artıq olmasına icazə verilir.
 
Sual: Uşaq həftə sonları internat tipli xüsusi təhsil müəssisəsindən özü evə gələ bilərmi?
Cavab: Valideynin və ya digər qanuni nümayəndənin müşayiəti olmadan şagirdlərin evə müstəqil gəlib-getməsinə icazə verilmir. Valideynin və yaxud digər qanuni nümayəndənin müşayiəti olmadan şagirdlərin digər rayon və şəhərlərə yola salınması da qadağandır.
 
Sual: Valideynin istəyi ilə övladının evdə təhsil alması mümkündürmü?
Cavab: Evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil müəssisəsinin pedaqoji işçiləri vasitəsilə müvafiq proqramlarını evdə mənimsəməsidir.
 
Sual: Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə olunmaq ödənişlidir?
Cavab:Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə olunmaq, xüsusi təhsil məsələləri ilə bağlı məsləhətlər almaq ödənişsizdir.
 
Sual: Bir xüsusi təhsil məktəbindən digərinə yerdəyişmə etmək mümkündürmü?
Cavab: Sağlamlıq imkanları məhdud şəxslərin bir tipli xüsusi təhsil müəssisəsindən başqa tipli xüsusi təhsil müəssisəsinə, inteqrasiya təlimli təhsil müəssisəsinə və ya sağlamlığı imkan verərsə, ümumi təyinatlı təhsil müəssisəsinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığına əsasən həyata keçirilir.
 
Sual: Sağlamlıq imkanı məhdud uşağı xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə, tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinət ayrılırmı?
Cavab: Xüsusi təhsilə cəlb olunanların(həmçinin evdə təhsilə) valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi həcmdə vəsait ayrılır.
 
Sual: Evdə keçirilən dərsin müddəti nə qədərdir?
Cavab: Evdə dərs məşğələləri ümumi təhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.
 
Sual: Kar uşaqlar üçün təhsil müddəti nə qədərdir?
Cavab: Kar uşaqlar üçün internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti 11 ildir (I-XI siniflər). Bu müddətdə şagirdlər ümumtəhsil məktəblərinin 9 illik tədris proqramları həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
 
Sual: Nitq qüsurlu uşaqlar üçün təhsil müddəti nə qədərdir?
Cavab: Nitq qüsurlu uşaqlar üçün internat tipli xüsusi təhsil müəssisələrində I bölmədə təhsil müddəti 10 (1-X siniflər), II bölmədə 9 ildir (I-IX siniflər). I bölməyə ümumi nitq inkişafında ağır qüsurları olan, II bölməyə isə nitq qüsurları normal olub, ağır formada kəkələyən şəxslər qəbul edilirlər. Hər iki bölmənin şagirdləri ümumi təhsil məktəblərinin 9 illik tədris proqramları həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
 
Sual: Əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün təhsil müddəti nə qədərdir?
Cavab: Əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün xüsusi təhsil müəssisələrində təhsil müddəti 9 ildir (I-IX siniflər). Əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün xüsusi təhsil müəssisələrində lazımi tədris-maddi baza və kadr potensialı olduqda, şagirdlərə müvafiq peşələr verilir. Bu müəssisələrdə təhsil müddəti 10 ildir (I-X siniflər)