15.04.2016

Bakıda “Oxu Günü”  keçiriləcək

Aprelin 23-də saat 12:00-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Zorge” parkında kütləvi “Oxu Günü”  keçiriləcəkdir.

Qeyd edək ki, layihənin hədəfi mütaliəyə diqqətin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Tədbir müddətində fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi layihənin əsas məqsədlərindən biridir.

Layihə ötən il olduğu kimi bu il də “Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil olunacaqdır. “Oxu Günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcəkdir. Layihə zamanı tanınmış yazıçılarla görüş, imza mərasimləri və fleşmob təşkil ediləcəkdir. Həmçinin, layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucularla görüşü və imza mərasimi keçiriləcəkdir.