Azərbaycan Respublikası təhsil nazirinin “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” 25 avqust 2015-ci il tarixli 912 nömrəli əmrinə əsasən 2015-ci ilin noyabr və dekabr, 2016-cı ilin yanvar aylarında Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında riyaziyyat, VIII sinif şagirdləri arasında isə fizika, kimya, biologiya fənləri üzrə üç mərhələdə müsabiqələr keçirilmişdir.
Ümumilikdə 2212 şagirdin iştirak etdiyi müsabiqələrin nəticələri təhlil edilmiş və yüksək göstəricilər əldə etmiş şagirdlər müəyyənləşdirilmişdir. Müsabiqə qaliblərinin mükafatlandırılmasının məktəbdaxili sağlam rəqabət mühitinin formalaşdırlmasında və şagirdlərin fənlərə marağının daha da artırılmasında əhəmiyyətini nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Fənn müsabiqələrinin Bakı şəhəri üzrə 3 mərhələsinin yekununa əsasən müəyyən edilmiş qaliblərin siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Qaliblərin mükafatlandırılması təntənəli şəkildə 2016-cı ilin mart ayının birinci ongünlüyündə keçirilsin.
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Nərgiz Səfərova əmrdən irəli gələn maliyyə məsələlərini həll etsin.
4. Ümumi təhsil sektoru (A.Yusifov) qaliblər arasından fizika, kimya, biologiya fənlərinin hər birindən 7 (yeddi), riyaziyyat fənnindən 10 komandanın müəyyənləşdirilərək 2016-cı ilin may ayında keçiriləcək “Respublika Fənn Müsabiqələri”ndə iştirakını təmin etsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (Arzu Tairquliyeva) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elektron səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənliyə həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” 25 avqust 2015-ci il tarixli 912 nömrəli əmri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənlinin təqdimatı.
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
22 fevral 2016-cı il
№87