Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin I sinfinə elektron ərizələrin qeydiyyatının və sənəd qəbulunun təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri 

Azərbaycan Respublikası Təhsil nazirinin “2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 03 mart   2017-ci il tarixli 123 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əmrin icrası barədə” 07 mart 2017-ci il tarixli 90 nömrəli  əmrlərinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

                                                                      

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin direktorları:

1.1. 2017/2018-ci dərs ili üçün I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirilmiş uşaqların sənədlərinin yoxlanılması və qəbul edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində məsul şəxslərin təyin edilməsini;

1.2. məsul şəxslərin fəaliyyəti üçün binanın məqsədəmüvafiq hissəsində telefon rabitəsi və davamlı internet bağlantısı ilə təmin edilmiş otaq ayrılmasını;

1.3. sənəd qəbulu ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların (təqdim olunacaq sənədlər, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) binanın girişində nəzərə çarpan hissədə yerləşdirilməsini;

1.4. valideynlər arasında elektron ərizə qəbulu ilə bağlı maarifləndirmə işlərinin aparılmasını;

1.5. ərizələrin elektron qeydiyyatı və uşaqların I sinfə qəbulu prosesində baş vermiş hər hansı gözlənilməz hadisə barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən işçi qrupuna dərhal şifahi və yazılı məlumat verilməsini təmin etsinlər.

2. I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində kömək göstərilməsi məqsədilə  Binəqədi rayonu üzrə 3, 179,  297 və 313 nömrəli , Nərimanov rayonu üzrə 36, 57, 82 və 177 nömrəli, Nəsimi rayonu üzrə 19 ,164, 240 və 247 nömrəli, Nizami rayonu üzrə 129,145, 214 və 227 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274 və 288 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Sabunçu rayonu üzrə  4, 74, 75, 78, 128, 130 və 170 nömrəli, Səbail rayonu üzrə 7, 163 və 236 nömrəli, Suraxanı rayonu üzrə  84, 270, 279, 315 və 318 nömrəli,  Xətai rayonu üzrə 24, 116, 165, 191 və 261 nömrəli, Xəzər rayonu üzrə 117, 156, 181, 234 və 241 nömrəli və Yasamal rayonu üzrə 18, 21 və 286 nömrəli tam orta məktəblərin direktorlarına tapşırılsın:

2.1. elektron ərizə qəbulu üzrə yaradılan alternativ qeydiyyat mərkəzlərinin fəaliyyətini;

2.2. zəruri məlumatları əhatə edən elanların yerləşdirilməsini təmin etsinlər.

3. Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq yerlərə çatdırılmasını, İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

4. Müdir müavini (N.Səfərova) əmrin icrası ilə əlaqədar maliyyə məsələlərini həll etsin.

5. I sinfə elektron ərizə qəbulu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış işçi qrupu bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsin.

6. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 03 mart 2017-ci il tarixli 123 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  07 mart 2017-ci il tarixli 90 nömrəli əmrləri.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

10 mart 2017-ci il

                                                                                        №92