“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində yekun tədbirlər barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təhsil müəssisələrinin, məktəb pedaqoji kollektivlərinin imkanlarının səfərbər edilməsi, təhsildə keyfiyyətin yüksəldilməsi məqsədi ilə məktəb idarəediciləri, təhsilverənlər və təhsilalanlar üçün çoxsaylı tədbirlər təşkil edilmişdir.

Tədris ili ərzində məktəb idarəedicilərinin iştirakı ilə  Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Formativ və Summativ Qiymətləndirmə”,  Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzularında beynəlxalq seminarlar və digər müxtəlif inkişaf yönümlü fəaliyyətlər həyata keçirilmişdir. Eyni zamanda müxtəlif sahə və fənn üzrə müəllimlərin iştirakı ilə “Nümunəvi dərs”lər təşkil edilmiş, çoxsaylı müzakirələr əsasında təhlillər aparılmış və tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində keyfiyyətyönümlü işlər görülmüşdur. Təhsilverənlərlə yanaşı, şagirdlərin kütləvi iştirakını təmin edən fəaliyyətlər, həmçinin istedadlı şagirdlərin müəyyən edilməsi məqsədilə müxtəlif bilik yarışları, müsabiqlər təşkil edilmiş və ümumilikdə şagirdlərin tədrisyönümlü, məktəbdənkənar fəaliyyətlərini əhatə edən çoxsaylı tədbirlər həyata keçirilmişdir.  

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəb idarəediciləri, təhsilverənlər və təhsilalanların iştirakı ilə təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirləri nəzərə alaraq

 

 

ƏMR EDİRƏM:

 

1. 2017-2018-ci dərs ili ərzində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində Bakı Şəhəri üzrə  Təhsil İdarəsi və tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri tərəfindən həyata keçirilmiş tədbirlərin əsasında, ümumiləşdirici və hesabat xarakterli Yekun tədbirlər təşkil edilsin:

1.1. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində elm, təhsil, idman, incəsənət və s. sahələr üzrə yüksək nailiyyət qazanmış şagirdlərin iştirakı ilə 12 iyun 2018-ci il tarixdə “Bakı məktəblilərinin I Forumu” adlı tədbir təşkil edilsin və  tədbirin təşkilat komitəsi təsdiq edilsin  (Əlavə 1).

1.2. Məktəb direktorları üçün “Keyfiyyətin təminatı: Məktəb idarəetməsi və qiymətləndirmə” mövzusunda 29 iyun  2018-ci il tarixdə konfrans təşkil edilsin və tədbirin təşkilat komitəsi təsdiq edilsin (Əlavə 2).

2. Ümumi təhsil sektoru (L.Şərəfxanova), İnkişaf layihələri sektoru (A.Qədiməliyev), Təminat və təchizat sektoru (Ş.İsgəndərov) və Təlimə Dəstək Mərkəzi (S.Bektaşi) nəzərdə tutulan yekun tədbirlərin yüksək səviyyədə təşkil edilməsini və təşkilat komitələri ilə birlikdə müvafiq təşkilati-metodiki işlərin həyata keçirilməsini təmin etsinlər.

3. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) əmrdən irəli gələn tədbirlərin icrası ilə əlaqədar maliyyə məsələlərini təmin etsin.

4. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb ümumtəhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və görüləcək işlərin KİV-də işıqlandırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli  əmri və fəaliyyət planı,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.6.6-cı bəndi

 

           

           

Məhəbbət Vəliyeva,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

21 may 2018-ci il

  № F-219


 

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Bakı məktəblilərinin I Forumu”nun Təşkilat komitəsi

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Keyfiyyətin təminatı: Məktəb idarəetməsi və qiymətləndirmə” mövzusunda Konfransın Təşkilat komitəsi