Yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda elmi dünyagörüşünün formalaşdırılması istiqamətində fəaliyyətin təşkili həmin şagirdlərin gələcəyə dair seçimlərində yüksək önəm kəsb edir.
“Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 2.6-cı bəndinin icrasını təmin etmək, istedadlı uşaq və gənclərlə aparılan işləri tənzimləmək, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına köməklik göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirləri sistemli həyata keçirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli, F-265 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.“Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
2.1. Rəhbərlik etdikləri məktəblərdə “Kiçik Akademiya”nın yaradılmasını, bu əmr imzalananadək məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərərsə onun fəaliyyətini bu əmrə və əmrlə təsdiq edilmiş Tədbirlər Planına uyğun təşkil etsinlər;
2.2. “Kiçik Akademiya”nın fəaliyyətində Azərbaycan Respublikası Milli Elmlər Akademiyası ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Kiçik Akademiya” haqqında Əsasnaməni rəhbər tutsunlar;
2.3. “Kiçik Akademiya” haqqında Əsasnamənin tələblərinə uyğun olaraq, “Kiçik Akademiya”nın təsis edilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılmasını təmin etsinlər, onların yaradılmasında nəzərdə tutulan əsas məqsəd və vəzifələr haqqında pedaqoji kollektiv, fənn metodbirləşmələri, şagird və valideynlər arasında maarifləndirmə işləri aparsınlar;
2.4. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsinlər, onların icra vəziyyəti barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna mütəmadi olaraq məlumat versinlər.
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva) və Təlimə Dəstək Mərkəzi (Z.Ələkbərova) “Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair” Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planında qeyd olunan tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
4. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli, F-265 nömrəli əmri
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
29 yanvar 2019-cu il
№ F-67