“Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2018-2019-cu tədris ili ərzində iki dəfə olmaqla 11-22 fevral və 20-31 may tarixləri ərzində Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi keçirilsin.

2. Layihə çərçivəsində görüşlərin təşkili zamanı layihənin pilot olaraq həyata keçirildiyi məktəblərin təcrübəsinə istinad olunsun (Səbail rayonu 7, 189-190, Nəsimi rayonu 46 nömrəli tam orta məktəblər, 160 nömrəli Klassik gimnaziya).

3. Layihə çərçivəsində görüşlərin təşkilində tədbirin proqramı əsas tutulsun (Əlavə 1).

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri:

4.1. Rəhbərlik etdikləri məktəbdə təsdiq edilmiş proqrama uyğun olaraq “Valideynin məktəbdə bir günü” layihəsinin müəyyənləşdirilmiş tarixdə keçirilməsini təmin etsinlər;

4.2. Tədbirin keçirildiyi vaxtdan 1 həftə ərzində tədbirlə bağlı hazırlanmış yazılı hesabatı, tədbir zamanı çəkilmiş foto şəkillər və video görüntülərlə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna təqdim etsinlər.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoru (A.Tairquliyeva - Nağıyeva) layihənin keçirilmə şərtləri və qaydaları ilə ümumi təhsil müəssisələrinin rəhbərlərinin tanış olmasını, habelə bütün məktəblər üzrə layihənin koordinasiyasının həyata keçirilməsini, layihənin icrası ilə bağlı hesabatların toplanaraq təhlil edilməsini və ümumiləşdirilmiş yekun hesabatın Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə təqdim edilməsini təmin etsin.

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektoru (S.Bektaşi) və Təlimə Dəstək Mərkəzi (Z.Ələkbərova) tədbirdə iştirak edən valideynlər üçün “Məktəb-valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda seminarların təşkil edilməsini təmin etsinlər.

7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

8. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və layihə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.

10. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.  

11. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

Əsas: “Valideynin məktəbdə bir günü” layihəsinin keçirilməsinə dair İnkişaf layihələri sektorunun 05.12.2018-ci il tarixli DY- 419 qeydiyyat nömrəli təqdimatı

 

                                                                    Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

28  yanvar 2019-cu il

                                                                                        № F-66