“Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası təhsil nazirinin 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin icrasını təmin etmək, uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyətlər kimi formalaşdırılması və xalqımızın milli-mənəvi dəyərlərinə sadiq vətənpərvər ruhlu gənclər kimi böyüməsi istiqamətində aparılan işləri daha da gücləndirmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfrans məktəb, rayon və şəhər üzrə olmaqla üç mərhələdə təşkil edilsin və 2019-cu ilin fevral-mart aylarında keçirilsin.
2. Müsabiqə-konfransın əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Müsabiqə-konfransın məktəb və rayon mərhələlərinin müsabiqə, şəhər mərhələsinin konfrans şəklində keçirilməsi nəzərə alınsın.
4. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan əsasnaməyə uyğun olaraq müsabiqə-konfransın məktəb mərhələsinin keçirilməsini təmin etsinlər və seçilmiş tədqiqat işlərini təşkilat komitəsinə təqdim etsinlər.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Tairquliyeva-Nağıyeva), Ümumi təhsil sektoruna (S.Bektaşi) və Təlimə Dəstək Mərkəzinə (Z.Ələkbərova) tapşırılsın:
5.1. “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfransın keçirilməsi ilə bağlı ümumi təhsil müəssisələrini təlimatlandırsın;
5.2. Müsabiqə-konfransa hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin;
5.3. Ümumi təhsil müəssisələrinin müsabiqə-konfransda yüksək səviyyədə iştirakını təmin etsin.
6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə-konfransın icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) müsabiqə-konfransın icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və müsabiqə-konfransda seçilən ən yaxşı tədqiqat işlərinin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
9. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14.08.2018-ci il tarixli F-550 nömrəli əmri.
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
12 fevral 2019-cu il
№ F-96