Əmrin icrası barədə

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədi ilə Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2019-cu il tarixli, F-98 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

Əmr edirəm:

 

1. “2018-2019-cu dərs ilində Pedaqoji mühazirələrin keçirilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2019-cu il tarixli, F-98 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. Pedaqoji mühazirələr Azərbaycan Respublikası təhsil nazirinin “2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə” 28.08.2017-ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq edilmiş“ Pedaqoji mühazirələrin keçirilmə qaydaları”na uyğun olaraq təşkil edilsin.

3. Pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə hər  2  mərhələ üzrə ictimai əsaslarla işçi qrupu yaradılsın (Əlavə 1).

4. İşçi qrupa tapşırılsın:

4.1. Pedaqoji mühazirə iştirakçılarının qiymətləndirilməsi üçün münsiflər heyəti yaradılsın və meyarlar müəyyən edilsin.

4.2. Münsiflər heyəti Pedaqoji mühazirə iştirakçılarının müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilməsini təmin etsin.

4.3. Pedaqoji mühazirələr 2 mərhələdə rayon (mart 2019-cu il), şəhər mərhələsi (aprel 2019-cu il) üzrə keçirilsin və may ayının 10-dək ölkə mərhələsinə ən uğurlu 15 nəfərin mühazirəsinin təqdim edilməsi təmin edilsin.

4.4. Pedaqoji mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bilavasitə bağlı olan fəaliyyətləri ehtiva edən təxmini mövzular (istiqamətlər) üzrə təşkil olunsun (Əlavə 2).

5. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) pedaqoji mühazirələrlə bağlı keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində, məktəb saytlarında işıqlandırılmasını və İdarənin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb ümumi təhsil məktəblərinə çatdırılmasını təmin etsin. 

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2019-cu il tarixli, F-98 nömrəli əmri.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

06  mart 2019-cu il

                                                                                        № F-121


 

Pedaqoji mühazirələrin işçi qrupu və təxmini mövzuları