Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsinin təmin edilməsi ilə əlaqədar “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 06.08.2019-cu il tarixli, F-482 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli, F-265 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.“Sabahın alimləri” IX Respublika Müsabiqəsinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil nazirinin 06.08.2019-cu il tarixli, F-482 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. 2020-ci il 11-13 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin keçirilməsi nəzərə alınsın.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları:

3.1. 2019-cu il 12 oktyabr tarixindən etibarən şagirdlərin www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn rejimdə qeydiyyatdan keçirilməsini və 2019-cu ilin 1 dekabr tarixinədək şagirdlər tərəfindən təsdiq edilmiş mövzular üzrə aparılan tədqiqatların başa çatdırılmasını təmin etsinlər.

3.2. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin 2020-ci il 15 yanvar tarixinədək onlayn qeydiyyatdan keçmələrini təmin etsinlər.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Əzizov) tapşırılsın:

4.1. Elmi tədqiqatlara cəlb olunan istedadlı və potensiallı şagirdlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məktəbləri təlimatlandırsın.

4.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin.

4.3. Müsabiqədə iştirak edən məktəblərin Təlim Akademiyasında, Elmi–Ekspertiza Komitəsinin görüşləri və təlimlərində fəal iştirakını təmin etsin.

4.4. Ümumi təhsil müəssisələrinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etmək məqsədilə zəruri tədbirlər görsün.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 06.08.2019-cu il tarixli, F-482 nömrəli əmri

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

17 sentyabr 2019-cu il

                                                                                        № F-321