“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə əməkdaşlıq çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunması üçün həyata keçirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasının ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev) tapşırılsın:

1.1 Pilot təhsil müəssisələrində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-liseydə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etsin;

1.2 İnklüziv təhsilin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflərini təqdim etsin;

1.3 Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot təhsil müəssisələrinə göndərilməsini təmin etsin;

1.4 Pilot təhsil müəssisələrində xüsusi təhsil ehtiyaclı hər 5 şagirdə 1 defektoloq-loqoped müəllim tərəfindən loqopedik xidmətin göstərilməsini təmin etsin;

1.5 İnklüziv təhsilin təşkili ilə bağlı Təhsil İnstitutu ilə əməkdaşlığı təmin etsin.

2. Azərbaycan Respublikasının Təhsil İnstitutu (E.Əmrullayev) pilot təhsil müəssisələrində inklüziv təhsilin təşkilinə metodiki köməkliyin göstərilməsini təmin etsin.

3. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) pilot təhsil müəssisələrinin inklüziv siniflərinin təlim resursları, zəruri avadanlıqlarla təmin edilməsi və infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər olması ilə bağlı tədbirlər görsün.

4. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet saytında yerləşdirilməsini və çoxaldılaraq Nazirliyin struktur bölmələrinə və aidiyyəti müəssisələrə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

Əsas: Nazir müavini Məhəbbət Vəliyevanın 27.09.2019-cu il tarixli 20-02-6867 nömrəli xidməti məlumatı.

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

27 dekabr 2019-cu il

F-761