Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin AZƏRTAC-a müsahibəsi (03.09.2019)

Təhsil işçilərinin sosial müdafiəsinə qayğının bariz nümunəsi

 

Hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən işlər bunu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” söyləmiş ümummilli lider Heydər Əliyev daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Dövlətin inkişafı üçün birinci amili yüksək təhsil səviyyəsinin olması ilə əsaslandıran ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılır, Ulu Öndərin təhsil siyasəti uğurla davam etdirilir.

Bunu AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. BŞTİ-nin müdiri qeyd edib ki, müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Hələ ölkə Prezidentinin 2015-ci il 16 yanvar tarixli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən, müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Prezident İlham Əliyevin 2019-cu iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamlar sentyabrın 1-də qüvvəyə minib. Dövlətimizin başçısının qeyd olunan sərəncamları son illər ərzində təhsil işçilərinin sosial müdafiəsinə yönələn diqqətin daha bir bariz nümunəsidir.

Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsidir. Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Rəşad Tağıyev bildirib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir. Bir təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur. Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir. Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur. 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır. Hazırda həyata keçirilən təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd olunub ki, təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, ölkə rəhbərinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi, həmçinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” və digər sərəncamlar bir daha təhsilin dövlət başçısının daim diqqət mərkəzində olduğunun göstəricisidir.

Dövlət rəhbərinin təhsilə həssas münasibəti nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə ümumilikdə müəllim peşəsinə marağın artmasına səbəb olur. Bu il ali məktəblərə qəbul imtahanı zamanı çoxlu sayda abituriyent 500 və daha çox bal toplayaraq müəllim peşəsini seçib. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qadınlar deyil, kişilər də ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə böyük maraq göstərirlər.

Azərbaycanda təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi əsas məsələyə çevrilib. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi təhsilin inkişafından keçir.

AZƏRTAC