Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin AZƏRTAC-a müsahibəsi (20.01.2020)

İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi

 

Hər bir tarixi hadisənin həqiqi qiymətini zaman verir. 20 Yanvarın mənası, tariximizdəki yeri və rolu illər keçdikcə daha aydın görünür.

Bu baxımdan gələcəyimiz olan uşaqlara istiqlal mübarizəsinin qəhrəmanlıq salnaməsinin mahiyyəti haqqında sistemli məlumatların verilməsi böyük əhəmiyyət kəsb edir. Ümumxalq Hüzn Günü ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə təsdiqlənmiş tədbirlər planına əsasən, ümumtəhsil müəssisələrində mühazirə, toplantı, konfrans və xüsusi dərslər təşkil edilib. Bundan başqa, təhsil müəssisələrində 20 Yanvar hadisələrinə həsr olunmuş dəyirmi masa, seminarlar keçirilib, kitab, foto və şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Məktəblilərin, gələcəyimiz olan gənclərin tarixi həqiqətləri bilməsi olduqca əhəmiyyətlidir. Bu baxımdan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə məktəblilərin əl işlərindən ibarət rəsm sərgisində nümayiş olunan əsərlər və bütün tədris ocaqlarında keçirilmiş tədbirlər də şagirdlərin xalqımızın qəhrəmanlıq səhifəsinə baxışlarını əks etdirir. Şagirdlər 20 Yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hissini vətənpərvərlik ruhunda yaratdığı əsərlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə edirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib. O qeyd edib ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Bu qətliam xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili tibbi yardımın işçiləri də olub. Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Ulu öndər Heydər Əliyev baş vermiş hadisələrə etirazını bildirərək söyləyib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. ...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

“Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq haqqı qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Şəhidlər xiyabanı Azərbaycan xalqının 30 il əvvəl düçar olduğu böyük faciə ilə yanaşı, yenilməz iradəsindən xəbər verir. Özündə ümummilli hüznü yaşatmaqla bərabər, mübarizlik rəmzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verməsi də Vətən uğrunda canını qurban edənlərə olan sonsuz ehtiramın daha bir nümunəsidir”, - deyə R.Tağıyev qeyd edib.

BŞTİ-nin müdiri bildirib ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecə baş verənlərin ağrısı ilə yaşayır, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.

20 Yanvar şəhidlərinin qurban getdikləri amalların reallaşdırılması onların ruhuna ən böyük təskinlikdir. Əminik ki, bundan sonra da yetişməkdə olan nəsillər o müqəddəs ideyalara sadiq qalacaq, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verəcəklər.