Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin AZƏRTAC-a müsahibəsi (13.06.2020)

Ulu öndər Heydər Əliyev müasir təhsil sisteminin yaradıcısıdır

 

Azərbaycan tarixinin müasir dövrdə ən təlatümlü anları müstəqilliyimizin ilk illərinə təsadüf edir. Sosial-iqtisadi, ictimai-siyasi ziddiyyətlər ölkəni zəiflətmiş, xalqın sabaha inamını sarsıtmışdı. Həmin mürəkkəb mərhələdə xalq özünü itirmədi, taleyi, gələcəyi, sabahı üçün məsuliyyətli qərar verdi. Öz müdrik oğluna üz tutdu.Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Azərbaycan tarixində mühüm rol oynayan 1993-cü ilin bu günü ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Dahi lider Heydər Əliyev siyasi fəaliyyəti, diplomatik istedadı, əzmi ilə bütövlükdə müasir Azərbaycan dövlətçiliyini perspektivli bir yola, davamlı inkişaf mərhələsinə çıxara bildi. Milli Qurtuluş Günü Azərbaycan Respublikasında 1997-ci ilin 15 iyun tarixindən bayram elan edilib. 1998-ci ildən etibarən isə bayrama dövlət statusu verilib. Tarixin bu mərhələsindən baxarkən bir daha qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev öz fəaliyyəti və nümunəsi ilə ölkəni xilas etməyin konkret yolunu göstərdi. Bu, Ulu Öndərin siyasi qətiyyətində, möhkəm iradəsində, verdiyi sözlərə dəqiq əməl etməsində, dəqiq kurs əsasında islahatlar aparmasında, dövrün tələblərinə uyğun milli maraqlara xidmət edən enerji siyasətini işləyib hazırlamasında və ölkənin ərazi bütövlüyünü bərpası üçün mübarizə yolunu tapmasında təsdiqləndi. Ulu Öndər Azərbaycanda vətəndaşlarla görüşündə də, BMT-nin yüksək tribunasından çıxışında da əsl xilaskar kimi davranırdı. BMT-də 1994-cü və 1995-ci illərdə etdiyi möhtəşəm çıxışında dünyaya göstərdi ki, Azərbaycan təhlükələrdən qurtulub və demokratik, sivil və müstəqil dövlət kimi beynəlxalq miqyasda sülhün, barışın və əməkdaşlığın inkişafına ciddi töhfələr verməyə hazırdır.

Azərbaycan xalqı üçün qurtuluşun tarixi əhəmiyyəti əvəzedilməzdir. Qurtuluş Günü hər bir vətəndaşın həqiqi anlamda müstəqilliyi, istiqlalı hiss etməsi günüdür.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev söyləyib. R.Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaranıb, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verib. Dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub. Ümummilli Lider təhsilə daim böyük önəm verib, təhsil sektorunda misilsiz işlər görüb. “Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərib. Azərbaycanın məktəb şəbəkəsi həmin illərdə tam formalaşıb, xalqın intellektual potensialı yüksəlib. Məktəb infrastrukturu əsaslı şəkildə yenilənib, dünya təhsilinə inteqrasiya yönündə əsaslı islahatlara yol açılıb. Ümumi təhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və tam ödənişsiz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilib. Hər kəsə bəllidir ki, müstəqilliyin ilk illərində cəmiyyətdə vaxtilə böyük hörmət və nüfuza malik olan məktəbə, müəllimə, ziyalıya ehtiram, oxumağa maraq azalmışdı. Bacarıqlı, yüksəkixtisaslı mütəxəssislərin ölkədən xaricə axını başlamışdı. Yalnız müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqilliyin ilk illərində təhsil sahəsində baş alıb gedən tənəzzülün qarşısı alındı. Ən əsası müəllimdə, şagirddə, valideyndə və ümumilikdə bütün cəmiyyətdə sabaha inam, daha xoşbəxt gələcək üçün çalışmaq əzmi artmağa başladı. 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən ölkəmizdə icbari ümumi orta təhsilə keçildi, ümumi təhsil məktəblərinin şagirdlərinə dövlət hesabına dərsliklərin verilməsinə başlandı. Həmin dövrdə təhsil sahəsində özünü göstərən ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçilməsi, latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsidir. Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə qayğının, bu sahənin inkişafı üçün ayrılan vəsaitlərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır.

 

BŞTİ-nin müdiri qeyd edib ki, Ulu Öndər Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi əhəmiyyətli fərman və sərəncamlar imzalayıb. Ulu Öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib. Məhz həmin kadrlar bu gün Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində fəal iştirak edirlər. Dahi lider həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyib, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalıb, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib. Ulu Öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Ümummilli Lider deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Bütün ekspertlər vurğulayır ki, istənilən bir ölkədə siyasi kursda davamlılıq, sistemlilik və dəqiqlik olmasa, güclü müstəqil və milli dövlət qurmaq mümkün olmaz. Bu səbəbdən ölkə rəhbəri İlham Əliyevin xalqda sarsılmaz həmrəylik yaratmış siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin başlıca dayaqlarından biri kimi qəbul edilir. Prezident İlham Əliyev fəaliyyəti ilə bütün dünyaya sübut edib ki, Azərbaycanda dövlət quruculuğu əmin əllərdədir.

 

“Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, əldə olunan uğurlar, reallaşdırılan dövlət proqramları bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin hərtərəfli vətəndaş kimi yetişdirilməsinə zəmin yaradır. Hər il ənənəvi olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Milli Qurtuluş Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. Bu günün tarixi barədə məktəblilərə geniş məlumatlar verilir. Koronavirus (COVID-19) pandemiyası səbəbindən xüsusi karantin rejimi davam etdiyi üçün bu il Milli Qurtuluş Gününə həsr olunan tədbirlər onlayn şəkildə keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri Milli Qurtuluş Gününün tarixi barədə məlumatlandırmaq, onlarda dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaqdan ibarətdir. Məktəblilərin Ulu Öndərə olan məhəbbəti, onun həyat və fəaliyyəti haqqında yüksək məlumatlılıq səviyyəsi müvafiq tədbirlər vasitəsilə daha da möhkəmlənir, hər dəfə yeni baxışlarla, yeni yanaşmalarla sonsuz müdriklik ümmanına ayna tutulur. Bütün fəaliyyəti və şəxsi həyatı ilə nəsillərə böyük bir örnək olan milli təhsil sisteminin yaradıcısı, dahi şəxsiyyət Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Xalqın sevgisi, insanların qəlbindəki səmimi hisslər bunu deməyə əsas verir”, - deyə Rəşad Tağıyev qeyd edib.

 

AZƏRTAC