Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (31.03.2021)

Mehriban Vəliyeva: 31 mart soyqırımı ibrət dərsi olmalıdır

 

Azərbaycan xalqı son 200 il ərzində davamlı olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalıb. Bu mənfur siyasətin nəticəsi olaraq dəfələrlə soyqırımları, faciələrlə üzləşib, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib. Bu şovinist siyasətin əsas məqsədi isə azərbaycanlıları öz tarixi dədə-baba torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu sərsəm ideya ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, Bakı quberniyasında yaşayan azərbaycanlıların qovulması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlandığı 1918-ci ilin mart-aprel aylarında qanlı hadisələr zirvə nöqtəsinə çatır. Milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilir, ermənilər evləri yandırır, insanları diri-diri oda atır. Şəhərdəki milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı siyasəti yalnız Bakı ilə məhdudlaşmır. Həmçinin Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada günahsız dinc əhali qırılır, kəndlər yandırılır, əmlakları talan olunur, milli mədəniyyət abidələri məhv edilir.

 

1905-1906-cı illərdə, 1918-1920-ci illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və digər tarixi torpaqlarımızda dinc Azərbaycan əhalisi soyqırımına məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. XX əsrin sonunda Xocalıda törədilən soyqırımı isə əsrin faciəsi olaraq tarixə düşdü. Bir gecədə Xocalını yer üzündən silən erməni vandallarının əməlləri insanlıq tarixinin görmədiyi vəhşilik idi. Dünyada baş verən bütün müharibələrin aman verən qanunları olub. Ahıl qocaya, körpə uşağa, hamilə qadına güllə atmazlar, amma Xocalıda ermənilərin törətdikləri qaniçən əməllər məhz faşizmə xas olan terrorçuluq siyasəti idi.

 

Ötən ay Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirdi ki, Xocalı soyqırımını törədən hərbi cinayətkarların bir çoxu ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

 

“Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq”, - deyən ölkə başçısı bildirdi ki, bu gün Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş bu soyqırımı əməlləri təəssüf ki, öz siyasi-hüquqi qiymətini almamışdı.

 

Mehriban Vəliyeva bildirib ki, Azərbaycan 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra uzun illər üzərinə pərdə çəkilən, gizli saxlanılan bu tarixi həqiqətlər açılmağa və öyrənilməyə başlandı. Separatçı erməni-daşnak millətçiləri və onların havadarlarının törətdikləri vəhşilikləri əks etdirən sənədlər gizli saxlanılaraq xalqımıza qarşı törədilən mart qırğınları Azərbaycanda vətəndaş müharibəsi kimi qələmə verilmişdi. Lakin Ermənistanın tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndər Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. 1998-ci ildə imzaladığı Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ermənilərin iki əsrdir azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasətinin ətraflı öyrənilməsi və tədqiqi, həqiqətlərin xalqımıza və dünya ictimaiyyətinə çatdırılması sahəsində iş yalnız Ulu Öndərin bu Fərmanından sonra sistemli şəkil aldı və ilbəil daha da mütəşəkkil surətdə təşkil olundu. İnsanları milli birliyə, gələcəyimiz naminə keçmişimizi unutmamağa çağırdı.

 

“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir", - deyən Ümummilli Lider tövsiyə edirdi ki, ermənilərin Azərbaycanın əzəli torpaqlarında törətdiyi qeyri-insani əməllərinin, terror hadisələri haqqında kütləvi informasiya vasitələrində geniş məlumat verilməsi gənc nəslin vətənpərvərlik, düşmənə sonsuz nifrət ruhunda tərbiyə edilməsində az rol oynamır. Ulu öndər Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri dəfələrlə mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində, İkinci Qarabağ müharibəsi dövründə dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələrdə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. İndiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.

 

“Ermənilərin törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Fondun xətti ilə Qarabağ həqiqətləri geniş miqyasda təbliğ olunub, ölkəmizin hüdudlarından kənarda vacib tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası isə son illər geniş bir hərəkata çevrilib. Onun rəhbərliyi və təşkilatçılığı ilə dünyanın 70-dən çox ölkəsində Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunub və bu proses bu gün də davam edir. Bu gün “Xocalıya ədalət!” kampaniyasının çağırışı BMT, Avropa parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatlarda eşidilir.

 

O faciələrdən əsrlər, illər keçsə də, xalqımız baş verənləri unutmur, soyqırımı qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Nahaq demirlər ki, tarix unudulduğu zaman təkrarlanır. İki əsrlik zaman içərisində ermənilərin xalqımıza qarşı yürütdüyü ağlasığmaz vəhşiliklər millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) nəzdindəki bütün təhsil müəssisələrində hər il 31 mart – Azərbaycanlıların Soyqırımı Günü böyük hüznlə anılır. Bu məqsədlə ədəbi-bədii kompozisiyalar, disputlar, açıq dərslər, sərgilər təşkil edilir. “Qan yaddaşımız", “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır”, “Soyqırımı tarixinin dastanı” və digər mövzularda konfrans, dəyirmi masalar keçirilir. Şagirdlərə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında məlumat verilir. Mövcud karantin rejimi ilə əlaqədar onlayn formada keçirilən tədbirlərdə şagirdlər Quba məzarlığını virtual izləyərək öz hisslərini şeirlər, bayatılar vasitəsilə ifadə edirlər.

 

Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordumuz ikinci Qarabağ müharibəsində sübut etdi ki, Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. Bu prinsipdən və qalib ölkə mövqeyindən çıxış edərək gələcəyimiz olan gəncləri hər zaman vətənpərvər və qurucu ruhda yetişdirməyi əsas fəaliyyət istiqaməti kimi qəbul edirik. 31 mart soyqırımı xalqımız üçün ibrət dərsi olmalı, xain düşmənin daim fürsət gözlədiyini unutmamalıyıq. İnanırıq ki, bölgədə sülh və əməkdaşlığın qarantı olan Azərbaycan gələcəkdə öz missiyasını layiqincə yerinə yetirəcəkdir”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

 

AZƏRTAC