Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  “Respublika” qəzetinə müsahibəsi (13.04.2021)

Humanizm prinsipləri dövlətin ən çox önəm verdiyi dəyərlərdəndir

 

Dünyanın inkişaf etmiş demokratik ölkələrinin təcrübəsində məhbus olmuş şəxslərin əfv olunması, amnistiya aktlarının tətbiqi ənənəsi mövcuddur. XX əsrdə dünyada bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş və bir çox ali dəyərlərə nail olunmuşdur. Demokratik ənənələr formalaşmış ölkələrin çoxunda ölüm hökmü ləğv edilmiş və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində məqsədyönlü hüquqi islahatlar aparılmışdır. Bu humanist dəyərlər Azərbaycanda ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə gəlişindən sonra bərqərar oldu və bu sahədə ən humanist qərarlar qəbul olundu. 

 

Mart ayının 18-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı son illərdə imzalanmış ən böyük əfv sərəncamıdır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bizimlə söhbətində dedi:

Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün də uğurlu tədbirlər həyata keçirməyə münbit şərait yaratdı. Ümummilli liderimizin imzaladığı fərman və sərəncamlardan irəli gələn humanizm və insani dəyərlər cəmiyyətimizin hər bir üzvünə şamil olundu. Belə ki, 1995-ci il iyulun 5-də 15 nəfər barəsində ilk əfv sərəncamı açıqlandı. İkinci əfv sərəncamı oktyabr ayının 18-də, üçüncüsü noyabrın 11-də, dördüncüsü isə dekabrın 27-də imzalandı. Göründüyü kimi, bir il ərzində dörd əfv sərəncamı imzalanmışdır. Burada diqqətçəkən məqamlardan biri ondan ibarət idi ki, ölüm cəzasına məhkum edilmiş 7 nəfər məhbus əfv olunmuşdur. Qeyd edək ki, 1995-2003-cü illər ərzində 7 amnistiya aktı qəbul olunmuş, 32 əfv sərəncamı imzalanmışdır. Vurğulayım ki, 1998-ci ildə ulu öndər Heydər Əliyevin humanist siyasətinin nəticəsi olaraq ölkədə ölüm hökmünün ləğvi ilə Azərbaycan Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü.

Əsası ümummilli lider tərəfindən qoyulan bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruz bayramı ərəfəsində imzalanan bu sərəncam da təməli o dövrdə qoyulmuş həmin ali missiyanın növbəti təzahürüdür. Bu nəcib addım cəmiyyətimizdə hüququn aliliyinə dərin inamın, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi ilə bərabər, həm də milli ənənələrimizə sadiqliyin göstəricisi kimi qəbul olunur. Əhatə dairəsinə görə ən böyük sərəncamla 625 nəfər məhbusun bir qisminin azadlığa qovuşması, bəzilərinin cəzalarının yarıyadək endirilməsi təmin edilib. 475 nəfər məhbus Novruz bayramını öz ailəsi ilə birlikdə keçirdi. Məhkumların və onların ailə üzvlərinin Prezident İlham Əliyevə ünvanladığı müraciətləri, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq imzalanan əfv sərəncamı bir daha sübut edir ki, humanizm prinsipləri dövlətin böyük önəm verdiyi ən ali dəyərlərdəndir. Bu humanist addım ölkədə insan hüquq və azadlıqlarının etibarlı təminatını, demokratikləşməyə xidmət edən strateji, siyasi kursun uğurla davam etdirildiyini bir daha təsdiq edir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları bu günə qədər minlərlə insana azadlıq, ailələrə sevinc bəxş edib. Vurğulamaq lazımdır ki, sonuncu Amnistiya Aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Bütün bunlar humanist addım olmaqla bərabər, həm də dövlət siyasətinin əsasında ən ön sırada insan amilinin dayandığını bir daha təsdiqləyir. Azərbaycanı qüdrətli ölkəyə çevirmək üçün əzmlə çalışan dövlətimizin başçısının humanizm prinsiplərinə sadiqliyi cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, təqdir edilir. Hər kəs yaxşı başa düşür ki, humanizmin tərbiyəvi əhəmiyyəti cəmiyyətin sağlamlaşdırılmasında daha səmərəli rol oynayır, hüquqi dövlətin inkişafı üçün etibarlı zəmin yaradır. Belə ki, cəzaçəkmə yerlərində saxlanılan şəxs hiss edir ki, onun da hüquq və azadlıqları qorunur, insan haqlarına hörmət edilir, dövlət onların düzgün islah olunması, cəmiyyətə yararlı şəxsiyyət kimi qayıdışına çalışır. Həm də dövlətin məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını daha da artırır, onları ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. İnanırıq ki, azadlığa qovuşmuş şəxslər bu sərəncamın verdiyi mesajı layiqincə dəyərləndirəcək, cəmiyyətimiz, ölkəmiz üçün layiqli, gərəkli vətəndaş olacaqlar.