Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın AzEduAz Təhsil Portalına müsahibəsi (22.04.2021)

Mehriban Vəliyeva: “Distant təhsil artıq yeni həyat tərzinin ayrılmaz tərkib hissəsidir”-MÜSAHİBƏ

 

Bakı Şəhəri üzrə təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Azedu təhsil portalı əməkdaşlarının suallarını cavablandırıb:

 

 - Mehriban xanım, koronavirus pandemiyası dövründə paytaxtın təhsil mənzərəsini necə səciyyələndirmək olar?

- Koronavirus pandemiyası bütün sahələrə öz mənfi təsirini göstərib. Çox təəssüf ki, təhsil sahəsi də mövcud vəziyyətlə bağlı yaranmış durum səbəbindən müəyyən çətinliklərlə üzləşməkdədir. Lakin Azərbaycan qısa müddətdə vəziyyətdən çıxış yolu tapmaqda dünya ölkələri arasında ilklərdən olub. Ölkəmiz pandemiyanın yayıldığı ilk günlərdən həm ölkə əhalisinin sağlamlığını qorumaq, həm də beynəlxalq ictimaiyyətin virusla mübarizə tədbirlərinə dəstək vermək üçün mümkün olan bütün zəruri addımları atıb. Bu ümümbəşəri bəlaya qarşı tətbiq olunan qaydalara ciddi riayət olunması isə hər birimizdən vətəndaş məsuliyyəti tələb edir.

 

 Paytaxtın ümumi təhsili ölkə təhsilinin flaqmanı kimi pandemiya dövründə də bir addım öndə olması, vəziyyətdən irəli gələn çağırışlara çevik və adekvat reaksiyası ilə fərqlənir. Mövcud vəziyyətlə bağlı paytaxt məktəblərinin tam mənzərəsini əyani müşahidə edə bilməsəm də, mənim üçün ümumi təsəvvür aydındır. Məlumat üçün bildirim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5  Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 455 994 şagirdin təlim-tərbiyəsi ilə 28 354 müəllim məşğul olur.

 

 Gözəl infrastrukturu, ənənəsi, öyrədici mühiti olan məktəblərimiz çoxdur. Pandemiya layihələri bir qədər ləngitsə də, ümumilikdə götürsək, Təhsil Nazirliyinin məktəblərin inkişafı istiqamətində həyata keçirdiyi layihələr mövcud vəziyyətə uyğun tətbiq olunur. “Rəqəmsal bacarıqlar”,  “STEAM-ın təhsilə inteqrasiyası”, “Sağlam təhsil-sağlam millət”, “Peşə təmayüllü siniflər”, həmçinin müxtəlif məzmunlu innovativ qrant layihələr və digər reallaşdırılan tədbirlər keyfiyyətli təhsil, müasir çağırışlara cavab vermək baxımından olduqca əhəmiyyətlidir.

 

Təbii ki, həllini gözləyən bir sıra məsələlər də var və hazırda bu istiqamətdə müvafiq təhlillər aparılır. Yəqin ki, mövcud şərait imkan verdikdə əsaslı tədbirlər görüləcək.

 

 Xüsusilə Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra yaşadığımız hazırkı mərhələ hər birimizi daha məsuliyyətli fəaliyyətə yönəldir. Mən deyərdim ki, bütün sahələrdə Azərbaycan yeni bir mərhələyə qədəm qoyur. Təbii ki, bu mərhələdə təhsilin də yeni prioritetləri müəyyənləşir.

 

Əslində, pandemiya, zəfərlə sona çatan İkinci Qarabağ Müharibəsi  təhsilin istər məzmununda, istərsə də formasında yeniliklərin tətbiqini labüdləşdirir. Yeni texnoloji əsrdə köhnə metod və vasitələrlə, sözsüz ki, uğurlu məktəb modelini qurmaq mümkün olmayacaq. Bir tərəfdən koronavirus infeksiyasının həyatımıza gətirdiyi durğunluq, digər tərəfdən sürətli texnoloji yeniliklərin tətbiqi bütün sahələrdə olduğu kimi təhsildə də təzadlı bir mənzərə yaradır. Belə bir şəraitdə çevik qərar verən, yeniliyi qəbul edən, zamanla ayaqlaşan, yaxud onu qabaqlayan təhsil idarəçiləri, təhsil müəssisələri, təhsilalanlar  və təhsilverənlər üstünlük qazana biləcəklər.

 

 Hazırda Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2020-2021-ci tədris ilində də uğurların davamlı olmasını təmin etmək məqsədilə sistemli tədbirlər həyata keçirilir. İnanıram ki, nə qədər sınaqlar olsa da, əsas amal olan fasiləsiz təhsili təmin etməklə bərabər, təhsildə keyfiyyətin artırılması istiqamətində qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyəcəyik.

 

 - Distant tədrisə keçiddən sonra təhsilin operativliyini və səmərəliliyini necə dəyərləndirirsiniz? Bu sahədə digər ölkələrə örnək olmağı bacardıqmı?

- Həyatın müxtəlif sahələrində dünya əhalisinin canlı ünsiyyətini məhdudlaşdıran koronavirus pandemiyası insanları fərqli həyat tərzinə alışmaq məcburiyyətində qoyub.

Belə ki, uzun zamandır müzakirə edilən, lakin təcrübədən keçirilməyən onlayn tədris məhz koronavirus pandemiyasından sonra daha da aktuallaşdı. Hazırda da günümüzün reallığına çevrildi.

 

Bütün dünyada olduğu kimi, ölkəmizdə də distant fəaliyyət növləri, o cümlədən distant təhsil artıq yeni həyat tərzinin ayrılmaz tərkib hissəsidir.

 

Fikrimcə, insanların sağlamlığını düşünərək distant təhsil epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün ən səmərəli vasitədir. Düzdür, distant təhsil ənənəvi tədris prosesini əvəz edə bilməsə də, ancaq müəyyən üstünlükləri ilə fərqlənir. Texnologiyalardan istifadə, evdə təhsilalma imkanı, tədrisin açıqlığı, iqtisadi səmərə, məsafə, vaxta qənaət, təhsilin kütləviliyi, əhatəliliyi, müstəqil öyrənmə bacarıqlarının inkişafı, əlillərin və xüsusi qayğıya ehtiyacı olan insanların təhsilalma imkanı və s. distant  təhsilin üstünlüklərindəndir.

 

Təhsil Nazirliyi tərəfindən şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində davamlı tədbirlərin hər birimiz şahidiyik. Ölkədə karantin rejiminin tətbiq edilməsi ilə bütün təhsil müəssisələri bağlananda  ölkəmizdə bir şagirdin belə  təhsildən kənarda qalmaması Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ idi. Çətinliklərin aradan qaldırılması üçün bir neçə fərqli strategiya nəzərdən keçirildi ki, bunlardan ilki ötən il martın 11-də “Mədəniyyət” kanalında “Dərs vaxtı”  layihəsinə start verilməsi, çox keçmədən isə “ARB Günəş”in də bu təşəbbüsə qoşulması oldu. Çox  təqdirəlayiq haldır ki, teledərslər müəllim və şagirdlər üçün öyrənmək və təcrübə toplamaq baxımından hazırda da öz aktuallığını saxlamaqdadır. “Virtual məktəb” isə “Microsoft Teams” platforması üzərindən həyata keçirilən ən səmərəli layihələrdəndir.

 

 Distant təhsillə bağlı olaraq “Virtual məktəb” istifadəçiləri üçün “Microsoft Teams” proqramının Azərbaycan dilində olan versiyası hazırlanıb. Bundan əlavə, 2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına və I sinfə qəbul olmuş şagirdlərin “Virtual məktəb”də qeydiyyatdan keçmələri üçün imkan yaradılıb.

 

Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı həyata keçirilən digər bir yenilik isə yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarətlə bağlıdır. Belə ki, yerli təhsili idarəetmə qurumlarının rəhbər heyətinə yaradılmış texniki imkanlarla “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür. Yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələrində qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları verir.

 

 Onu da deyim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də “Virtual məktəb”in imkanlarından istifadə edərək vaxtaşırı paytaxt məktəblərində mövcud vəziyyətlə bağlı  monitorinqlər aparır.

 

Həmçinin İdarə tərəfindən "Virtual məktəbdə bir gün layihəsi", “Ən yaxşı elektron dərs müsabiqəsi” həyata keçirilir. Əsas məqsəd mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.

 

Qeyd edim ki, ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanları yaradıb. “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı “Amazon Alexa” reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan çox olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.

 

 Deyə bilərik ki, Azərbaycan qısa müddətdə vəziyyətdən çıxış yolu tapmaqda dünya ölkələri arasında ilklərdən olub. Yuxarıda qeyd etdiyim kimi, təhsil müəssisələrinin bağlanmasından bir həftə sonra təhsilin əlçatan olması üçün teledərslərin fəaliyyətə başlaması, 2020-ci ilin aprel ayından isə “Virtual məktəb” layihəsinin təhsilverənlərin və təhsilalanların ixtiyarına verilməsi təqdirəlayiq bir addımdır. Düşünürəm ki, dövlətimiz tərəfindən təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımları digər ölkələr örnək götürə bilərlər. Lakin bununla paralel biz də digər ölkələrin təcrübəsindən yararlanmalıyıq.

 

  -Təhsil müəssisələrində aparılan dezinfeksiya işləri barədə nə deyə bilərsiniz?

- Paytaxtdakı ümumi təhsil müəssisələri üzrə dərslər distant formada təşkil edilsə də, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

 

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işlərinin aparılması davam etdirilir.

 

Qeyd edim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında İdarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

 

 -Mehriban xanım, artıq 5 aprel 2021-ci il tarixindən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant formada davam edir. Məktəblərin distant tədrislə bağlı vəziyyətini necə dəyərləndirirsiniz?

- Ümumi təhsil müəssisələrində distant tədrislə bağlı vəziyyəti qismən qənaətbəxş hesab etmək olar. Məsafədən tədrisin daha səmərəli təşkili üçün teledərslər, həmçinin Təhsil Nazirliyi tərəfindən təqdim olunan digər onlayn elektron tədris resurslarının əlçatanlığı artırılır. Məsafədən dərslər virtual məktəb üzərindən həyata keçirilir. Məsafədən dərslərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün təhsil müəssisələrində IT infrastrukturunun yaxşılaşdırılması, həmçinin müəllim və tələbələr üçün xüsusi internet imkanlarının artırılması üzərində işlər gedir.

 

Düşünürəm ki, tədrisin məsafədən təşkil olunmasına baxmayaraq təhsil müəssisələrində bütün işlər davamlı olaraq həyata keçirilir. Eləcə də şagirdlərin məktəbdaxili qiymətləndirilməsini deyə bilərik ki, bu proses də mövcud vəziyyətə uyğunlaşdırılır. Belə ki, birinci yarımildə olduğu kimi, ikinci yarımildə də qiymətləndirilmənin qaydalara uyğun olaraq aparılacağı nəzərdə tutulur. Əgər mövcud vəziyyət davam edərsə, bununla bağlı Təhsil Nazirliyinin qərarı olacaq. Bu o deməkdir ki, distant təhsildə olan ümumi təhsil müəssisələrində qiymətləndirmə müvafiq qaydada keçiriləcək. Bununla bağlı çətinlik və problem olmayacaq. Buraxılış imtahanları ilə əlaqədar təbii ki, Dövlət İmtahan Mərkəzi qərar verəcək.

 

Bu baxımdan Bakı şəhərində distant təhsil üçün imkanların daha əlçatan olduğunu deyə bilərik. Həmçinin paytaxtda müəllimlərin IT bacarıqlarının daha üstün səviyyədə olduğunu söyləmək mümkündür.

 

 -Koronavirus pandemiyası hər kəs kimi təhsilalanların da psixologiyasına müəyyən qədər təsir edib.  Ümumiyyətlə, bu istiqamətdə hansı tədbirlər görülüb və hazırda bununla bağlı yeni bir layihə nəzərdə tutulurmu?

- Təbii ki, pandemiya yaşından asılı olmayaraq şagirdlərin də psixologiyasına öz təsirini göstərir. Bütün bunları nəzərə alaraq elə pandemiyanın ilk dövrlərindən Təhsil Nazirliyi tərəfindən koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimində evdə qalan şagirdlər, eləcə də mənəvi-psixoloji dəstəyə ehtiyac duyan vətəndaşlar üçün  146-3 “Qaynar xətt” xidməti yaradıldı. Bu xidmətə bir çox məktəblərin peşəkar psixoloqları cəlb olunub.

 

Bundan əlavə, bildiyimiz kimi, ötən il bu istiqamətdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sosial-maarifləndirmə layihəsi həyata keçirildi.

 

 "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsinin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarət olub.

 

Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə hazırlanmış yığcam videomüraciətləri ictimaiyyətə təqdim olundu.

 

Videomüraciətlərdə mövcud tibbi-profilaktik vəziyyət səbəbindən evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu mövzularla bağlı müvafiq tövsiyələr verildi.

 

Müəllim, valideyn və şagirdlərə pandemiya dövründə psixoloji dəstək məqsədilə BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən onlayn “Psixoloq saatı” fəaliyyətə başladı. TDM-in psixoloq və metodistlərinin müvafiq mövzular üzrə tövsiyələri mərkəzin "Facebook" səhifəsi vasitəsilə ictimaiyyətə təqdim olunurdu.

 

Son olaraq Təhsil Nazirliyinin 2021-ci il üzrə Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən  “Böhran zamanı uşaqlara psixososial dəstək” adlı videoçarx və “Şagirdlərə psixososial dəstəyin göstərilməsi”, “Valideynlər üçün uşaqlara psixososial dəstəyin göstərilməsi” adlı təlimatlar hazırlanıb.

 

Videoçarx və təlimatlarda pandemiya nəticəsində sosial təcridin, ənənəvi həyat tərzindən uzaq qalma və məktəblərin əsasən məsafədən fəaliyyət göstərməsinin uşaqların və ailələrinin psixososial vəziyyətinə təsiri, müəllimlərin və valideynlərin şagirdlərə psixososial dəstək göstərmək üçün diqqət etməli olduğu məqamlar, uşaqlarda yaranan müxtəlif davranış problemlərinin həlli üçün çıxış yolları, böhranın müxtəlif yaş qruplarındakı (məktəbəqədər yaşlı uşaqlar və yeniyetmələr) uşaqlara, onların emosiyalarına mənfi təsirləri kimi məsələlər izah edilib və valideynlər üçün uşaqlara psixososial dəstəklə bağlı məsləhətlər verilib.

 

Düşünürəm ki, bu istiqamətdə görülən işlər həm şagirdlərə, həm də valideynlərə öz müsbət təsirini göstərir. Mövcud vəziyyətin davam etdiyini nəzərə alaraq təhsilverənlərə və təhsilalanlara, eləcə də valideynlərə müvafiq dəstəyin göstərilməsini davam etdiririk.

 

-Təhsil işçilərinin vaksinasiyası və onların bu prosesə cəlb olunması barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, koronavirusdan xilas olmağın yeganə yolu məhz vaksinasiyadır. Bu virus dünyamıza və gündəlik həyatımıza yeni reallıqlar gətirdi. Heç şübhəsiz, bundan sonrakı dövrdə biz həyatımızı bu reallıqlara uyğun davam etdirəcəyik. Bu reallıqlar isə bizə vaksin olunmağın vacibliyini tövsiyə edir.

 

Təsadüfi deyil ki, ötən ilin dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi- COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev videoformatda çıxışı zamanı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirmişdir. Ölkə başçısı pandemiyanın istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirdiyini, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırdığını qeyd edib. Pandemiyanın  ən yoxsul və imkansız durumda olan ölkələrə daha çox zərbə vurduğunu diqqətə çatdıraraq bu vəziyyətdən narahatlıq hissi keçirdiyini bildirib. Prezident İlham Əliyev  sessiyada  Qoşulmama Hərəkatı olaraq bütün ölkələrin dərman, vaksin və tibbi avadanlıqlara münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini xüsusi vurğulayıb. Dövlətimizin başçısının orada səsləndirdiyi tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi.

 

 Cari ilin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında da Prezident İlham Əliyev xarici media nümayəndəsinin vaksinasiya ilə bağlı sualına verdiyi cavabında da bu məsələni xüsusi diqqətdə saxladığını, bizim Cənubi Qafqazda peyvəndləmə prosesinə başlamış birinci ölkə olduğumuzu qeyd edib.

 

 Bilirsiniz, bu bir güvəndir, bir inamdır. Ölkə başçımızın vətəndaşlarının səhhəti, sağlamlığının qorunması ilə bağlı atdığı bütün addımlar göz qabağındadır. Ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir.

Məlumdur ki, martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə start verilib. Vaksinasiya prosesinə ilkin olaraq yaşı 50 və daha yuxarı olan şəxslər cəlb olunub. Martın 31-dən isə təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb. Vaksinasiya prosesinin növbəti mərhələsində peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə ikinci dozanın vurulması həyata keçirilir. Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması üçün imkanlar yaradılıb.

 

Təbii ki, vaksinasiya prosesində sıxlığın yaranmaması, təhsil işçilərinin uzun məsafə qət etməməsi və digər bu kimi amillər diqqət mərkəzində saxlanılır. Bu baxımdan vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində həyata keçirilir. Həmin məntəqələr Binəqədi rayonunda 276, Xətai rayonunda 56, Xəzər rayonunda 26, Suraxanı rayonunda 84, Sabunçu rayonunda 90, Səbail rayonunda 239, Nərimanov rayonunda 258, Nəsimi rayonunda 14, Nizami rayonunda 129, Yasamal rayonunda 158 nömrəli tam orta məktəblərdə yerləşir. Tibb personalı və müraciət edən təhsil işçiləri üçün hər cür şərait yaradılmış peyvənd məntəqələrinin səmərəli fəaliyyəti təmin olunub.

 

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə qoşulub. İlk olaraq mən və rəhbərlik etdiyim qurumun əməkdaşları COVID-19 infeksiyasına qarşı peyvənd olunduq.

 

Sözsüz ki, cəmiyyətin aparıcı qüvvəsi olan müəllimlərimiz vaksinasiya prosesində ön sıralarda olmalıdır. Hazırda bütün cəmiyyətin, o cümlədən də təhsil işçilərinin ən vacib proritetlərindən biri vaksinasiyadan keçmək məsələsidir. Ənənəvi təhsili təmin etmək üçün bu, olduqca vacibdir. Sevindiricidir ki, bunu nəzərə alan və sağlamlığına həssas yanaşan təhsil işçiləri vaksinasiya prosesində fəal iştirak edirlər. Paytaxt üzrə vaksinasiyadan keçən təhsil işçilərinin ümumi sayı günbəgün artmaqdadır. Bu isə cəmiyyətdə vaksinasiyaya olan meyli daha da artırır, digər insanların da ziyalılardan nümunə götürməsinə əsas verir.

 

Bundan əlavə, təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha aktiv qoşulması üçün  #TəhsilÜçünVaksinasiya həştəq kampaniyasına da start verilib. Bütün bunlar ənənəvi tədrisin bərpası üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir. Yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq.

 

Artıq 5 aprel 2021-ci il tarixindən bütün təhsil işçilərinin yaşından asılı olmayaraq vaksinasiyasına başlanılıb. Düşünürəm ki, vaksinasiya prosesinin davamlı təşkili nəticəsində biz ən uyğun vaxtda əyani təhsili bərpa edə biləcəyik. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi “Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

 

Firayə NURİZADƏ

Elmin NURİ